Via Rail şirkətinin prezidenti və baş icraçı direktoru Mario Peloquin yanvar ayında təqaüdə çıxacaq. Bu barədə nəqliyyat nazirinin ofisinin yaydığı mətbuat açıqlamasında bildirilib.
Via Rail-in prezidenti və baş icraçı direktoru Mario Peloquin son illərdə dövlətə məxsus şirkətin artan tənqidlərə məruz qalması fonunda gələn ay vəzifəsindən ayrılacaq. Nəqliyyat naziri Steven Mackinnonun ofisinin yaydığı açıqlamaya görə, Peloquin yanvar ayının ortalarında təqaüdə çıxacaq.
Mackinnonun bəyanatında deyilir:
“Son iki il yarım ərzində Via Rail-ə göstərdiyi sədaqət və fədakarlığa görə Marioya təşəkkür edirəm və gələcək fəaliyyətində ona uğurlar arzulayıram.”
Açıqlamaya görə, Peloquin nəqliyyat sektorunda 41 il çalışıb. Via Rail-in rəsmi saytındakı bioqrafiyasına əsasən, o, karyerasına operator kimi başlayıb, daha sonra qatar hərəkətinə nəzarətçi olub və sonradan həm dövlət qulluğunda, həm də özəl sektorda ofis vəzifələrində çalışıb.
Lakin onun təqaüdə çıxması sərnişinlərin dəmir yolu xidmətindən getdikcə daha çox narazı qaldığı bir vaxta təsadüf edir. Sərnişinlər bilet qiymətlərinin həddən artıq bahalaşdığını bildirir, gecikmələrin isə şirkətə milyonlarla dollar zərər vurduğunu deyirlər.
Son bir il ərzində CN dəmir yolu xətlərində keçidlərdə yeni sürət məhdudiyyətləri qüvvəyə mindikdən sonra, bir saatdan çox gecikən qatarların sərnişinlərinə Via Rail 31 milyon dollar dəyərində səyahət vauçeri təqdim edib.
Cəmi ötən həftə, Ontarionun Brockville şəhəri yaxınlığında qatarların birinin sıradan çıxması nəticəsində üç Via Rail qatarında olan təxminən 300 sərnişin 13 saata qədər yolda qalıb.
Hazırladı: Ziyalə Əhmədli
Gundeliki.az
