İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Banqladeşin ilk qadın baş naziri Xaleda Ziya 80 yaşında vəfat edib

Banqladeşin ilk qadın baş naziri və keçmiş lider Şeyx Hasina ilə uzunmüddətli siyasi rəqibi olan Xaleda Ziya uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 80 yaşında idi.

Ziya fevral ayında keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdırırdı. Bu, 2024-cü ilin sonlarında xalq üsyanı nəticəsində Şeyx Hasinanın hakimiyyətdən kənarlaşdırılmasından sonra ölkədə keçiriləcək ilk seçkilər olacaqdı.

Siyasi səhnəyə həyat yoldaşı, sabiq prezident Ziaur Rahmanın sui-qəsd nəticəsində öldürülməsindən sonra çıxan Xaleda Ziya, 1991-ci ildə Banqladeşin ilk qadın baş naziri olub.

Onun siyasi fəaliyyəti həbs və ev dustaqlığı dövrlərini də əhatə edib və uzun illər Şeyx Hasina ilə kəskin rəqabətlə yadda qalıb. Korrupsiya ittihamlarından bəraət almış Ziya yalnız Hasina hakimiyyətdən getdikdən sonra müalicə üçün Londona səfər edə bilib.

Həkimlərin bildirdiyinə görə, Xaleda Ziyanın vəziyyəti bazar ertəsi günü “çox kritik” olub. O, həyat tənəffüs cihazına qoşulub, lakin yaşı və ümumi sağlamlıq vəziyyəti səbəbindən eyni vaxtda bir neçə müalicə aparmaq mümkün olmayıb.

Banqladeş Milli Partiyası (BNP) Facebook səhifəsində bildirib: “Sevimli liderimiz artıq yanımızda deyil. O bu səhər saat 6-da vəfat edib”.

Xəbər yayıldıqdan sonra insanlar Ziyanın xəstəxanaya yerləşdirildiyi Daka şəhərindəki Evercare Xəstəxanasının qarşısına toplaşıblar.

Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva

Gundelik.az