Bakının faktiki əhalisinin rəsmi statistikada göstərilən rəqəmdən əhəmiyyətli dərəcədə çox olması paytaxtda nəqliyyat və infrastruktur yükünün əsas səbəblərindən biri ola bilər.
İqtisadçı Eldəniz Əmirov Gundelik.az-a açıqlamasında bildirib ki, Bakının real əhalisini hesablamaq üçün kommunal xidmətlər, səhiyyə və mənzil fondu kimi müxtəlif göstəricilərdən istifadə etmək mümkün olsa da, bu metodlarda xəta payı yüksəkdir. Onun sözlərinə görə, daha real mənzərəni mobil operatorların məlumatları və ya şagird sayı əsasında müəyyənləşdirmək olar.
“Hazırda Bakıda 354 dövlət ümumtəhsil məktəbində 543 mindən çox şagird təhsil alır. Özəl məktəbləri də nəzərə aldıqda bu say 560 mini keçir. Bakı aqlomerasiyasının tərkib hissəsi olan Abşeron rayonunda isə 62,5 mindən çox şagird var. Beləliklə, Bakı və Abşeronda məktəblilərin ümumi sayı təxminən 623 min nəfərə çatır”, – deyə iqtisadçı qeyd edib.
O bildirib ki, Azərbaycanda ümumilikdə təxminən 1,6 milyon şagird təhsil alır və onların 39 faizi Bakı və Abşeronun payına düşür.
“Ölkə əhalisinin təxminən 10,2 milyon nəfər olduğunu nəzərə alsaq və 39 faizlik nisbəti ümumi əhaliyə tətbiq etsək, Bakı və Abşeronda faktiki yaşayan əhalinin sayı təxminən 4 milyon nəfər alınır. Bir daha qeyd edim ki, bu, siyahıyaalma deyil, şagirdlərin sayı əsasında aparılan proporsional hesablamadır”, – Əmirov vurğulayıb.
İqtisadçı hesab edir ki, son 10 ilin dinamikası da Bakı aqlomerasiyasında əhalinin sürətlə cəmləşdiyini göstərir. Onun sözlərinə görə, 2015-2016-cı tədris ilində Bakı və Abşeronda təxminən 410 min şagird olduğu halda, hazırda bu göstərici 623 minə yüksəlib. Bu, 52 faiz artım deməkdir. Eyni dövrdə ölkə üzrə şagird sayının artımı 18 faiz təşkil edib.
“Yəni Bakı və Abşeronda artım ölkə üzrə göstəricidən təxminən üç dəfə yüksəkdir. Bu da əhalinin Bakı aqlomerasiyasında sürətlə cəmləşdiyini göstərir”, – deyə o əlavə edib.
Əmirov tələbə sayındakı artımın da paytaxtın faktiki əhali yükünə təsir etdiyini bildirib. O qeyd edib ki, son 10 ildə ölkədə tələbələrin sayı 161,2 mindən 261,6 minə yüksəlib. Bu, 62,3 faizlik və ya təxminən 100 min nəfərlik artımdır.
“Ali məktəblərin əsas hissəsinin Bakıda yerləşdiyini nəzərə alsaq, bu artımın təxminən 80 min nəfəri Bakının payına düşür”, – iqtisadçı deyib.
Onun fikrincə, regionlardan miqrasiya, təhsil məqsədilə Bakıya gələnlərin sonradan şəhərdə qalması və son illərdə tələbələrin ardınca ailələrin də paytaxta köçməsi bu prosesə təsir edən amillərdəndir.
Əmirov qeyd edib ki, Sumqayıtdan hər gün işləmək və təhsil almaq üçün Bakıya gələnlər də şəhərin nəqliyyat və infrastrukturundan istifadə edir. Bu səbəbdən paytaxtın gündəlik əhali yükü şəhərdə faktiki yaşayanların sayından daha yüksək ola bilər.
“Bakının inzibati ərazisi 2,2 min kvadratkilometr olsa da, sıx məskunlaşma daha kiçik ərazidə və əsas nəqliyyat dəhlizləri boyunca formalaşıb. Bu isə yüksək əhali yükünün nəqliyyat sisteminə təsirini daha da artırır”, – deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, Bakıdakı tıxac problemini yalnız şəhərin daxilində görüləcək tədbirlərlə izah etmək düzgün deyil: “Bakının tıxac probleminin həlli Bakıda deyil. Məqsədim problemin sadə olmadığını, daha mürəkkəb demoqrafik və urbanizasiya amilləri ilə formalaşdığını rəqəmlər əsasında göstərmək idi”.
Əmirov hesab edir ki, hökumət mobil operatorların anonimləşdirilmiş və aqreqasiya olunmuş məlumatları əsasında Bakı və ətrafında faktiki yaşayan əhalinin sayını daha dəqiq müəyyənləşdirə bilər. O bildirib ki, belə məlumatların ictimaiyyətə açıqlanmasından asılı olmayaraq, həmin statistika regional inkişaf proqramlarının hazırlanması və şəhər infrastrukturunun planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
