Gundelik.az Dünya Bəzək bitkiləri istehsalı artır: İxracat 140 milyon dolları keçdi
Dünya Xəbərlər

Bəzək bitkiləri istehsalı artır: İxracat 140 milyon dolları keçdi

Dünyada 50 milyard dollardan çox ticarət həcminə malik olan bəzək bitkiləri sektorunda Türkiyə sürətlə irəliləyir. Hindistan, Çin və Braziliya kimi nəhəng istehsalçıların olduğu bazarda Türkiyə son illərdəki inkişafı sayəsində ilk 20 ölkə arasına daxil olub. İstehsal həcmi 2 milyard ədədə, ixracat isə 140 milyon dollara çatıb.

Çiçəkləri hər kəs sevir. İstər evlərdə, istər bağlarda, parklarda və ya yol kənarlarında olsun, insanlar çiçəklərin yaratdığı gözəlliyi görmək istəyirlər. Çiçəklər həm də ziyarətlərin, görüşlərin və nəzakət jestlərinin ayrılmaz hissəsidir. Lakin onların təkcə estetik deyil, həm də böyük iqtisadi dəyəri var. Xüsusilə iqlimi əlverişli və bitki növlərinin zəngin olduğu Türkiyə kimi ölkələr üçün bəzək bitkilərinin istehsalı mühüm gəlir mənbəyidir.

Türkiyədə sektorun tarixi

Türkiyədə bəzək bitkiləri sektoru 1940-cı illərdə İstanbul və Yalova ətrafında kəsilmiş çiçək istehsalı ilə formalaşmağa başlayıb. 1975-ci ildən sonra logistika imkanlarının inkişafı ilə istehsal İzmir və Antalyaya yayılıb.

Sektorun əsas yüksəlişi isə bələdiyyələrin şəhərsalma və yaşıllaşdırma layihələrinin genişlənməsi ilə baş verib. Parklar, bağlar və şəhər landşaftı üçün böyük həcmdə çiçək və bitkiyə tələbat yaranıb.

İstehsal bölgələri

Türkiyədə istehsal müxtəlif bölgələr üzrə ixtisaslaşıb:

Ağac istehsalı əsasən Sakarya, Bursa və İzmirdə;

Kolların istehsalı İzmirdə;

Otaq bitkiləri və çiçək istehsalı isə əsasən Antalya, Adana və Mersində cəmləşib.

İstehsal rekord səviyyədədir

2025-ci ilin sonuna olan məlumata görə:

İllik istehsal 2 milyard ədədə çatıb;

Sektorun ümumi istehsal dəyəri 40 milyard lirə olub;

İstehsal sahələri 2002-ci ildəki 20 min dekardan 60 min dekara yüksəlib.

Bu sahədə təxminən 100 min nəfər birbaşa çalışır. Dolayı yolla isə 500 min nəfərin məşğulluğuna töhfə verdiyi hesab olunur.

İxracat artır

Türkiyə həm idxal, həm də ixrac edən ölkə olsa da, 2018-ci ildən etibarən ixrac üstünlüyü əldə edib.

2025-ci ilin sonunda ölkənin bəzək bitkiləri ixracatı 140 milyon dollara çatıb. Əsas ixrac bazarları bunlardır:

Azərbaycan

Özbəkistan

Türkmənistan

Gürcüstan

Qazaxıstan

Avropa Birliyi ölkələri

Bundan əlavə, Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də tələbat sürətlə artır.

Çiçək dükanları hələ də liderdir

Onlayn satışların artmasına baxmayaraq, çiçək dükanları hələ də bazarın əsas satış nöqtəsidir. Satışların yarıdan çoxu məhz çiçəkçilər vasitəsilə həyata keçirilir. Onları supermarketlər, tingliklər, bağ mərkəzləri və internet satış platformaları izləyir.

Türkiyə son illərdə bəzək bitkiləri istehsalında və ixracatında ciddi inkişaf nümayiş etdirib. İqlim üstünlükləri, artan istehsal sahələri və xarici bazarlardan gələn tələbat sayəsində sektor ölkə iqtisadiyyatında getdikcə daha mühüm yer tutur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version