Alimlər xərçəng hüceyrələrinin immun sistemindən gizlənməsinin qarşısını alan yeni bir ağıllı dərman hazırlayıblar. Erkən mərhələli klinik sınaqlar göstərib ki, bu dərman bəzi xəstələrdə şişlərin əhəmiyyətli dərəcədə kiçilməsinə kömək edir.
İngiltərə, Fransa, İspaniya və Avstraliyada aparılan sınaqlarda uşaqlıq boynu, sidik kisəsi, qaraciyər, bağırsaq, ağciyər, baş və boyun xərçəngi olan 83 xəstəyə eksperimental GRWD5769 dərmanı ilə birlikdə Cemiplimab verilib.
Araşdırma zamanı 26 xəstədə şişlərin kiçildiyi müşahidə olunub. Onlardan 15 nəfərdə şişlərin ölçüsü ən azı 30% azalıb.
Sınaqda iştirak edən bütün xəstələr daha əvvəl tətbiq olunan müalicələrə cavab verməmişdilər və əksəriyyətinin başqa müalicə seçimi qalmamışdı. Həmçinin, immunoterapiya ya onlarda heç təsir göstərməmiş, ya da zamanla təsirini itirmişdi.
Yeni dərman xərçəng hüceyrələrinin yaratdığı “görünməzlik qalxanını” aradan qaldırır. Bunun nəticəsində immun sisteminin T-hüceyrələri xərçəng hüceyrələrini tanıyıb onlara hücum edə bilir. Beləliklə, immunoterapiya daha effektiv işləyir.
Nəticələr ABŞ-ın Çikaqo şəhərində keçirilən American Society of Clinical Oncology (ASCO) illik konfransında təqdim olunub.
Araşdırma göstərib ki, GRWD5769 dərmanı sınaqda iştirak edən bütün altı xərçəng növündə müəyyən müsbət təsir göstərib. Dərman:
Uşaqlıq boynu xərçəngi xəstələrinin 18%-ində,
Qaraciyər xərçəngi xəstələrinin 32%-ində,
Sidik kisəsi xərçəngi xəstələrinin 36%-ində,
Baş və boyun xərçəngi xəstələrinin 38%-ində,
Bağırsaq xərçəngi xəstələrinin 51%-ində,
Ağciyər xərçəngi xəstələrinin 55%-ində
xəstəliyin irəliləməsini ən azı 6 ay müddətində dayandıra bilib.
Araşdırmanın rəhbəri Fiona Thistlethwaite bildirib ki, ev şəraitində həb şəklində qəbul edilə bilən bu dərmanın erkən mərhələdə belə nəticələr göstərməsi çox ümidvericidir. Onun sözlərinə görə, dərman immunoterapiyanın təsirini artıran yeni bir mexanizmlə işləyir.
Dərman Oksfordda yerləşən Greywolf Therapeutics tərəfindən hazırlanıb. İlkin məlumatlara görə, xəstələr tərəfindən yaxşı qəbul olunur və daha geniş klinik sınaqlar planlaşdırılır.
Mütəxəssislər nəticələri ümidverici hesab etsələr də, dərmanın uzunmüddətli faydalarını və təhlükəsizliyini qiymətləndirmək üçün daha böyük və genişmiqyaslı tədqiqatların aparılmasının vacib olduğunu vurğulayırlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

