Aparılan araşdırma insan orqanizmindəki mikrobiomun şəxsiyyət xüsusiyyətlərinə düşünüldüyündən daha çox təsir göstərə biləcəyini ortaya qoyub. Alimlər bağırsaq və ağız boşluğunda olan bəzi mikrobların miqdarı ilə psixopatik şəxsiyyət xüsusiyyətləri arasında əlaqə müəyyən ediblər.
Translational Psychiatry jurnalında dərc olunan araşdırmada mikrobiotanın psixopatologiyaya təsiri öyrənilib. Tədqiqatçılar araşdırmanın mikrobiotanın psixopatik xüsusiyyətlərin formalaşmasına töhfə verə biləcəyinə dair ilk sübutları təqdim etdiyini bildiriblər.
Psixopatik xüsusiyyətlərə empatiya çatışmazlığı, antisosial meyillər, impulsivlik və eqoizm daxildir. Psixopatiyanın bioloji əsasları tam şəkildə öyrənilməsə də, beyindəki struktur dəyişikliklərinin bu vəziyyəti təkbaşına izah etmək üçün kifayət etmədiyi qeyd olunur.
Üç bakteriya növü önə çıxıb
Analizlərin nəticəsində üç konkret bakteriya növünün yüksək miqdarda olması ilə güclü psixopatik xüsusiyyətlər arasında müsbət əlaqə müəyyən edilib.
Bağırsaq mikrobiomunda Allisonella və Prevotella cinslərinə aid bakteriyaların, eləcə də Cloacibacillus evryensis növünün çoxluğunun bu meyillərlə əlaqəli olduğu müəyyənləşdirilib.
Tədqiqatçılar vurğulayıblar ki, əldə olunan nəticələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir və yalnız korrelyasiyanı göstərir.
Allisonella bakteriyasının iltihab proseslərini stimullaşdırmaq potensialına malik olduğu, Prevotella bakteriyasının isə neyropsixiatrik pozuntularla əlaqəsi səbəbindən emosional proseslərə təsir göstərə biləcəyi ehtimal edilir.
Cloacibacillus evryensis isə impulsların idarə olunmasında rol oynayan GABA maddəsini istehsal etmək potensialı ilə diqqət çəkib.
Bununla yanaşı, ağız boşluğunun mikrobiomunda rast gəlinən Treponema vincentii bakteriyasının yüksək səviyyələrinin daha aşağı psixopatiya göstəriciləri ilə əlaqəli olduğu müəyyən edilib.
Mütəxəssislər araşdırmanın psixopatik xüsusiyyətlərin bioloji izlərini anlamaq baxımından mühüm addım olduğunu və gələcəkdə bu məlumatlardan biomarker kimi istifadə edilə biləcəyini bildiriblər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

