Azərbaycan enerji balansına nüvə enerjisinin də daxil edilməsi qərarına gəlib.
Gundelik.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal enerji xəritəsinin yenidən formalaşdırılması: təhlükəsizlik və qeyri-müəyyənlik” panel sessiyasında deyib.
Nazir vurğulayıb ki, bu, təmiz enerji və gələcəyin enerji sisteminin vacib komponenti kimi qiymətləndirilir: “Çünki hamımız başa düşürük ki, elektrik enerjisinə tələbat sürətlə artır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, elektrikə tələbat dünyada ümumi enerji tələbatından üç dəfə daha sürətlə artacaq.
Bizim fikrimizcə, gələcək üçün ağıllı enerji keçidi təbii qaz, bərpa olunan enerji və nüvə enerjisinin birgə istifadəsini nəzərdə tutur. Bütün enerji növlərinə hörmətlə yanaşmaq vacibdir. Hesab edirik ki, məhz bu yanaşma gələcək qlobal enerji təchizatının əsasını təşkil edəcək.
Əlbəttə, heç kim nefti və hətta kömürü tam inkar etmir. Bu böhran zamanı biz kömür istehsalının artdığını da müşahidə etdik. Bu o deməkdir ki, gələcəkdə bütün enerji mənbələrinə ehtiyac olacaq. Lakin əsas komponentlər, bizim fikrimizcə qaz, bərpa olunan enerji və nüvə enerjisi olacaq”.
P. Şahbazov vurğulayıb ki, Azərbaycan da məhz bu enerji balansını formalaşdırmağı planlaşdırır: “Biz Türkiyə ilə və Türkiyə üzərindən Avropa ilə enerji bağlantılarını inkişaf etdiririk. Eyni zamanda Azərbaycan Qazaxıstan və Özbəkistanla da elektrik enerjisi sahəsində bağlantı layihələri həyata keçirir.
Bu layihələr nəticə etibarilə Asiya ilə Avropa arasında elektrik enerjisi körpüsü yaradacaq və istehsal ilə istehlak mərkəzlərini birləşdirəcək.
Məhz bu yolla biz enerji təhlükəsizliyini, ekoloji təhlükəsizliyi və enerji təminatının əlçatanlığını təmin edə bilərik. Bu enerji dilemması bu şəkildə həll oluna bilər. Əgər bu elementlərdən hər hansı birini nəzərə almasaq, qlobal enerji təchizatında balans pozular və nəticədə hamımız bundan zərər görərik”.

