Gundelik.az Xəbərlər Hüquq Azərbaycan qanunvericiliyinə görə, “QIZ QAÇIRTMA” adam oğurluğu hesab edilir
Hüquq Müsahibə Xəbərlər

Azərbaycan qanunvericiliyinə görə, “QIZ QAÇIRTMA” adam oğurluğu hesab edilir

Bugünkü müsahibəmiz hüquqşünas və mütəxəssis, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin Sədri  Fariz Əkbərovla, qız qaçırtma (kidnapping) cinayəti ilə bağlı hüquqi məsələləri müzakirə edəcəyik. Qız qaçırma, xüsusilə insan hüquqları baxımından ciddi narahatlıq doğuran və təcili hüquqi müdaxilə tələb edən bir cinayətdir. Bu cinayət, sadəcə fiziki sərbəstliyi məhdudlaşdırmaqla qalmır, həm də psixoloji və emosional zərərlərə yol açır. Hüquqşünasımız, qızqaçırma cinayətinin hüquqi çərçivəsini, müvafiq qanunları və bu cür hadisələrin hüquqi mübarizəsində qarşılaşılan əsas çətinlikləri izah edəcək.

Söhbət əsnasında, həmçinin qızqaçırtma cinayəti ilə mübarizədə hüquqşünasların rolu, hüquqi prosesin necə işlədiyi və qurbanların hüquqlarının qorunması ilə bağlı praktik tövsiyələr veriləcək.

Müsahibəni təqdim edirik:

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, nikah yaşı 18 yaş müəyyən edilir. Həmin şəxs valideynləri və ya qohumları tərəfindən erkən nikaha məcbur edilibsə, bu zaman cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublıikasının Cinayət Məcəlləsinin 176.1 maddəsində deyilir ki, qadını nikaha daxil olmağa məcbur etmə 2000 manatdan 3000 manata qədər cərimə və 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədilirsə, daha ağır cəza tətbiq edilir, yəni 3000 manatdan 4000 manata qədər cərimə və 4 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Artıq    01 iyun 2025-ci il tarixindən  qanunvericiliyə edilən dəyişikliyə görə  erkən evlilik dedikdə, yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.
Qız qaçırtmanın adam oğurluğu hesab edilməsi üçün bu əməlin törədən şəxs bunu zor tətbiq edərək və yaxud da hədə-qorxu gələrək, qarşı tərəfin razılığı olmadan etməlidir. Əks təqdirdə, yəni qarşı tərəf özü bu hala yol verdikdə, bu halla razılaşdıqda törədilmiş əməl adam oğurluğu hesab edilməyəcək, çünki burada bir şəxsin öz iradəsinə əsasən verdiyi qərardan söz gedəcək, məcburi hər hansısa bir əməldən deyil.
     Ancaq əgər qız qaçırtmanın qurbanı olmuş şəxs yetkinlik yaşına çatmayıbsa, yəni yaşı 18-dən azdırsa, bu halda onun razılığı olsa da, olmasa da sözügedən əməl adam oğurluğu hesab ediləcək.
Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən bu əmələ görə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Lakin əgər bu əməl-
1. iki və ya daha çox şəxsə qarşı;
2. aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilsə və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və yaxud da cinayətkar birlik   tərəfindən;
3. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə;
4. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə;
5. tamah məqsədi ilə və ya sifarişlə törədilsə, bu halda 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
     Qanunvericilik adam oğurluğu əməlinin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi halında və ya adam oğurluğunun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması hallarında daha ağır sanksiya nəzərdə tutur. Belə hallarda təqsirkar şəxs 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Günümüzün aktual mövzusuna aydınlıq gətirdiyi üçün Fariz Əkbərova təşəkkür edirik.
Gundelik.az
Exit mobile version