ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova ilə müsahibə
Azərbaycan təhsil sistemində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin xarici ölkələrdə təcrübə proqramlarına cəlb olunması və inklüziv təhsilin inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illərdə ali və orta ixtisas təhsili müəssisələrində həyata keçirilən beynəlxalq layihələr tələbələrin yalnız nəzəri biliklərini deyil, onların praktik bacarıqlarını, sosial məsuliyyət hissini və dünyagörüşünü də zənginləşdirir.Bu istiqamətdə uğurlu addımlar atan təhsil müəssisələrindən biri də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecidir. Kollecdə həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində ilk dəfə olaraq tələbələr ABŞ-da beynəlxalq inklüziv təcrübə proqramına qəbul olunublar. Bu uğur uzun illər ərzində qurulan əməkdaşlıqların, tələbələrin könüllülük fəaliyyətinin və sistemli hazırlığın nəticəsidir.
Mövzu ilə bağlı ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini, Yeni Azərbaycan Partiyasının üzvü və eyni zamanda Qərbi Azərbaycan İcmasının üzvü ilə Sevda Axundova ilə söhbətləşdik.
Sevda xanım, artıq uzun illərdir ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərirsiniz. Bu illərə nəzər saldıqda hansı məqamları xüsusilə qeyd edərdiniz?
– Artıq 34 ildir ki, bu kollecdə çalışıram. Bu illər ərzində fəaliyyətimin əsas məqsədi tələbələrimizin yalnız peşəkar biliklərə yiyələnməsi deyil, həm də onların şəxsiyyət kimi formalaşmasına, dünyagörüşünün genişlənməsinə və beynəlxalq imkanlardan faydalanmasına dəstək olmaq olub.
Hesab edirəm ki, müasir dövrdə təhsil yalnız auditoriya ilə məhdudlaşmamalıdır. Tələbələr fərqli ölkələrin təcrübəsini öyrənməli, müxtəlif mədəniyyətlərlə tanış olmalı, beynəlxalq layihələrdə iştirak etməlidirlər. Məhz bu məqsədlə uzun illərdir müxtəlif qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar, o cümlədən İNDO, “Humayun” digər Qeyri-Hökümət Təşkilatları ilə sıx əməkdaşlıq edirəm. Bu əməkdaşlıqlar tələbələrimiz üçün yeni inkişaf imkanları yaradıb.
Son dövrlərdə kollecin əldə etdiyi ən mühüm uğurlardan biri kimi tələbələrin ABŞ-da beynəlxalq təcrübə proqramına qəbul olunması göstərilir. Bu layihə barədə nə deyə bilərsiniz?
– Bu, həqiqətən də kollecin tarixində yeni bir mərhələnin başlanğıcıdır. İlk dəfədir ki, tələbələrimiz beynəlxalq “Camp Village” proqramı çərçivəsində ABŞ-a yollanırlar.Bu layihə bizim üçün təkcə xaricdə təcrübə keçmək deyil, həm də Azərbaycan gənclərinin beynəlxalq mühitdə öz bilik və bacarıqlarını nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşıyır. Sevindirici haldır ki, tələbələrimiz artıq ABŞ vizalarını alıblar, aviabiletləri hazırdır və yaxın günlərdə səfərə çıxacaqlar. Bu uğur uzunmüddətli hazırlığın və tələbələrin göstərdikləri əzmkarlığın nəticəsidir.
Bu nəticəyə gələn yol necə başladı?
– Bu proses əslində könüllülük fəaliyyəti ilə başladı. Cari tədris ili ərzində kollecimizin İnklüziv təhsil, Məktəbəqədər təhsil, Ailə və ev təhsili şöbələrinin on tələbəsi əməkdaşı olduğum “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Yurdum” Sosial Eko-Kənd layihəsində könüllü fəaliyyət göstərdilər.Onlar xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləyərək həm nəzəri biliklərini praktikada tətbiq etdilər, həm də sosial məsuliyyət hisslərini daha da inkişaf etdirdilər.
Könüllülük fəaliyyətində fərqlənən tələbələrimiz – İnklüziv təhsil ixtisasının III kurs tələbələri, bu il məzun olacaq Firuza Bayramova və Aida Hüseynova keçirilən seçim mərhələlərini və müsahibələri uğurla başa vuraraq ABŞ-da fəaliyyət göstərən Camphill Village USA beynəlxalq proqramına qəbul olundular. Bu, bizim üçün böyük qürur mənbəyidir.
Bu əlamətdar əməkdaşlığın ərsəyə gəlməsində xüsusi rolu olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Xüsusilə, memorandumun imzalanması təşəbbüsünü yüksək dəyərləndirərək onu səmimiyyətlə dəstəkləyən, Amalya Sezgin xanıma dərin təşəkkürümü ifadə edirəm. Onun uzaqgörən mövqeyi, təhsilin və əməkdaşlığın inkişafına göstərdiyi həssas münasibət sayəsində bu memorandumu imzalamaq mümkün oldu. İnanıram ki, bu sənəd sadəcə iki tərəf arasında imzalanmış rəsmi razılaşma deyil, həm də qarşılıqlı etimadın, ortaq məqsədlərin və gələcəyə hesablanmış uğurlu əməkdaşlığın möhkəm təməlidir.
Ümid edirəm ki, bu əməkdaşlıq təhsil, elm və ictimai fəaliyyət sahəsində yeni layihələrin həyata keçirilməsinə, gənclərin inkişafına və cəmiyyətimiz üçün faydalı təşəbbüslərin reallaşmasına mühüm töhfələr verəcək.
ABŞ-da onları hansı fəaliyyət istiqamətləri gözləyir?
– Tələbələrimiz üç ay ərzində ABŞ-ın Nyu-York ştatında yerləşən Camphill Village USA icmasında fəaliyyət göstərəcəklər. Onlar daun sindromlu, autizm spektr pozuntusu olan, serebral iflicli və müxtəlif inkişaf fərqlilikləri olan şəxslərlə birlikdə yaşayacaq, onların sosial adaptasiyasına, gündəlik həyat fəaliyyətlərinə və əmək bacarıqlarının inkişafına dəstək göstərəcəklər.
Eyni zamanda sosial pedaqogika, inklüziv təhsil və sosial iş sahəsində dünyanın qabaqcıl təcrübəsini öyrənəcəklər. Bu proqram onların gələcək peşə fəaliyyətində çox ciddi üstünlük yaradacaq.
Layihənin həyata keçirilməsində hansı qurumların dəstəyi olub?
– Bu uğurun əldə edilməsində bir çox tərəfdaş qurumların əməyi var. Xüsusilə Gənclər və İdman Nazirliyinin, tərəfdaş qeyri-hökumət təşkilatlarının, “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin və Red Cross təşkilatının dəstəyi layihənin uğurla reallaşmasına mühüm töhfə verib.Belə əməkdaşlıqlar göstərir ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti gənclər üçün çox böyük imkanlar yaradır.
Proqram çərçivəsində tələbələr üçün hansı sosial təminatlar nəzərdə tutulub?
– Proqram iştirakçıları yalnız peşəkar təcrübə qazanmayacaqlar. Onların yaşayış xərcləri və digər əsas təminatları proqram tərəfindən qarşılanacaq.Bundan əlavə, tələbələr hər ay təxminən 180 ABŞ dolları həcmində təqaüd alacaqlar. Bu isə onların həm beynəlxalq təcrübə əldə etməsinə, həm də maddi baxımdan rahat fəaliyyət göstərməsinə imkan verəcək.
Siz bu uğuru şəxsi fəaliyyətiniz baxımından necə qiymətləndirirsiniz?
– Düzünü desəm, bu nəticə mənim üçün çox dəyərlidir. Otuz dörd illik pedaqoji fəaliyyətimin ən böyük məqsədi tələbələrimizin uğurlarını görmək olub.Bu gün onların beynəlxalq proqramlara qəbul olunması, dünyanın nüfuzlu təşkilatlarında təcrübə keçməsi mənim üçün böyük mənəvi sevincdir. Əminəm ki, onların qazandıqları bilik və bacarıqlar gələcəkdə ölkəmizdə inklüziv təhsilin inkişafına da mühüm töhfə verəcək.
Gələcək planlarınız nələrdir?
– Məqsədimiz bununla kifayətlənmək deyil. Qarşıdakı dövrdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirmək, yeni layihələrə qoşulmaq və daha çox tələbəmizin xarici ölkələrdə təcrübə proqramlarında iştirakını təmin etmək istəyirik. Ən böyük arzum odur ki, tələbələrimiz yalnız peşəkar mütəxəssis kimi deyil, həm də ölkəsini beynəlxalq səviyyədə ləyaqətlə təmsil edən savadlı, humanist və məsuliyyətli gənclər kimi yetişsinlər. İnanıram ki, onların hər bir uğuru Azərbaycan təhsilinin uğurudur və bu uğurlar gələcək nəsillər üçün də yeni imkanların əsasını qoyacaq.
Gundelik.az

