- Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.
- Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!
- …Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik… Hər bir xalq öz dili ilə yaranır… Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
- Azərbaycan dili bizi dünyada tanıdan, bizi birləşdirən, xalqımızın varlığını, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan bir dildir.
- Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir.
Heydər Əliyev, Umummili lider
Yazının yaranması – bəşəriyyətin ən böyük kəşflərindən biri
Dil xalqın tarixini, milli yaddaşını, mənəviyyatını, mədəniyyətini və dövlətçilik ənə nələrini yaşadan ən böyük sərvətdir. Tarix boyu bir çox xalqların taleyi dəyişmiş, dövlətlər yaranmış və süqut etmiş, sərhədlər dəyişmişdir. Lakin xalqları bir millət kimi yaşadan, onları keçmişi ilə gələcəyi arasında möhkəm tellərlə bağlayan ən qüdrətli amil ana dili olmuşdur. Azərbaycan dili də minilliklər boyu xalqımızın mənəvi varlığını qoruyan, milli kimliyini yaşadan, zəngin ədəbi irsimizi və dövlətçilik ənənələrimizi nəsildən-nəslə ötürən müqəddəs dəyərdir.
Məhz buna görə də hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizdə xüsusi ehtiramla qeyd olunur. Bu əlamətdar gün təkcə əlifba islahatının deyil, həm də dövlət dilimizin qorunmasına, inkişafına və gələcək nəsillərə çatdırılmasına göstərilən yüksək dövlət qayğısının təcəssümüdür. İnsan cəmiyyətinin inkişafında yazının meydana gəlməsi dönüş nöqtəsi hesab edilir. Yazının yaranmasına qədər insanlar məlumatı şifahi şəkildə və ya müxtəlif təsvirlər vasitəsilə ötürürdülər. Qədim insanlar mağara divarlarında, qayalar üzərində ov səhnələrini, məişət hadisələrini və dini inanclarını əks etdirən rəsmlər çəkirdilər. Bu təsvirlər sonralar piktoqrafik yazının əsasını təşkil etdi.
Tarixçilərin qənaətinə görə, ilk sistemli yazı eramızdan əvvəl IV minillikdə Mesopotamiyada meydana gəlmiş mixi yazıdır. Eyni dövrdə qədim Misirdə heroqlif yazısından istifadə olunurdu. Daha sonra müxtəlif xalqlar yazını sadələşdirərək hərflərdən ibarət əlifba sistemlərini yaratmağa başladılar. Eramızdan əvvəl II minillikdə formalaşmış Finikiya əlifbası dünya əlifbalarının inkişafına mühüm təsir göstərdi. Sonralar yunan, latın, slavyan və digər əlifbalar bu sistem əsasında təkmilləşdirildi.
Azərbaycan dilinin tarixi inkişaf yolu
Azərbaycan dili qədim türk dilləri ailəsinə mənsub olub, zəngin inkişaf yolu keçmişdir. Bu dil əsrlər boyu müxtəlif tarixi mərhələlərdən keçərək formalaşmış, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Türk xalqlarının ən qədim yazılı abidələri olan Orxon-Yenisey kitabələri türk dilinin yüksək inkişaf səviyyəsini nümayiş etdirən qiymətli tarixi mənbələrdir. Azərbaycan dili isə oğuz qrupu türk dillərinin ən inkişaf etmiş nümayəndələrindən biri kimi əsrlər boyu zənginləşmiş, böyük ədəbi ənənə yaratmışdır.
Azərbaycan xalqının minilliklər boyu formalaşan milli-mədəni kimliyinin ən mühüm dayaqlarından biri onun dili, həmin dilin yazı sistemi və əlifbasıdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də bir xalqın tarixi yaddaşı, milli düşüncəsi, mənəvi sərvəti və gələcəyə ünvanlanan irsidir. Məhz buna görə də Azərbaycan əlifbasının keçdiyi inkişaf yolu təkcə filoloji məsələ deyil, eyni zamanda siyasi, mədəni və tarixi proseslərin aynasıdır. VII əsrin ortalarından etibarən Ərəb xilafətinin Cənubi Qafqaza yürüşləri nəticəsində Azərbaycan əraziləri tədricən xilafətin hakimiyyəti altına daxil edildi. Bu proseslə yanaşı, islam dini bölgədə yayıldı və ərəb dili uzun müddət dövlət idarəçiliyinin, dini elmlərin, hüququn və rəsmi yazışmaların əsas dili kimi istifadə olunmağa başladı. Bunun təbii nəticəsi olaraq, Azərbaycan ərazisində yazılı mətnlərin böyük hissəsi ərəb qrafikası ilə qələmə alınırdı.
Ərəb əlifbası öz dövrü üçün zəngin ədəbi və dini irsin daşıyıcısı olsa da, Azərbaycan türkcəsinin fonetik sistemi ilə tam uyğunluq təşkil etmirdi. Çünki bu əlifba əsasən ərəb dilinin səs sisteminə uyğun yaradılmışdı. Azərbaycan dilində mövcud olan bir sıra sait səslər yazıda dəqiq ifadə olunmur, eyni işarə müxtəlif səsləri ifadə edə bilir, sözlərin düzgün oxunuşu çox vaxt yalnız mətnin məzmunundan və oxucunun əvvəlki biliyindən asılı qalırdı. Bu isə xüsusilə savadlanmanın genişlənməsi və kütləvi təhsilin inkişafı baxımından müəyyən çətinliklər yaradırdı.
Azərbaycan dilinin zəngin fonetik xüsusiyyətləri – açıq və qapalı saitlər, incə və qalın ahəng sistemi, eləcə də türk dillərinə məxsus səslər ərəb qrafikasında tam əks olunmurdu. Nəticədə bir çox sözlərin yazılışı ilə tələffüzü arasında fərqlər yaranır, yazı dilinin öyrənilməsi mürəkkəbləşirdi. Dilçilər dəfələrlə qeyd etmişlər ki, ərəb qrafikası Azərbaycan türkcəsinin bütün fonetik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmək imkanına malik deyildi.
Bununla yanaşı, ərəb əlifbasının Azərbaycan tarixində mühüm mədəni rolu da danılmazdır. Orta əsrlərdə yaradılmış çoxsaylı elmi, dini, fəlsəfi və bədii əsərlər məhz bu qrafikada yazılmış, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Füzuli kimi dahilərin irsi həmin yazı ənənəsi vasitəsilə dövrümüzə gəlib çatmışdır. Deməli, ərəb qrafikası Azərbaycan mədəniyyətinin uzun bir dövrünün ayrılmaz hissəsi olsa da, milli dilin fonetik xüsusiyyətlərinə tam uyğun gəlmədiyi üçün zaman keçdikcə əlifba islahatlarının zəruriliyi daha aydın hiss olunmağa başladı. Beləliklə, Azərbaycan əlifbasının tarixi təkcə yazı işarələrinin dəyişməsi deyil, xalqın milli özünüdərkinin, maariflənməsinin və müstəqil mədəni inkişaf yolunun mühüm mərhələsidir. Əlifbanın sonrakı dövrlərdə latın və kiril qrafikaları ilə əvəz olunması da məhz müxtəlif tarixi-siyasi şəraitin təsiri altında baş vermiş, nəhayət, müstəqil Azərbaycan Respublikası milli kimliyə və ana dilinə uyğun olan müasir latın qrafikalı əlifbanı dövlət səviyyəsində bərpa etmişdir.
XIX əsr Azərbaycan milli oyanış tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu dövrdə xalqın tərəqqisinin yalnız maariflənmə, elm və ana dilinin inkişafı ilə mümkün olduğunu anlayan ziyalılar meydana çıxdılar. Onların sırasında ən parlaq simalardan biri böyük mütəfəkkir, dramaturq, filosof və maarifçi Mirzə Fətəli Axundov idi. O, hələ 1850-ci illərdən etibarən ərəb qrafikasının Azərbaycan dilinin fonetik xüsusiyyətlərini tam əks etdirmədiyini elmi əsaslarla göstərərək yeni əlifba layihəsi hazırlamağa başladı. O hesab edirdi ki, hər bir səs ayrıca işarə ilə ifadə olunmalı, yazı sistemi sadə, aydın və oxunaqlı olmalıdır. Axundovun fikrincə, xalqın savadlanmasının qarşısında duran əsas maneələrdən biri məhz mürəkkəb yazı sistemi idi.
1857-ci ildə o, ərəb qrafikası əsasında islah edilmiş yeni əlifba layihəsini hazırladı. Sonralar isə daha irəli gedərək latın qrafikası əsasında yeni əlifba ideyasını irəli sürdü. 1863-cü ildə İstanbulda Osmanlı dövlətinin görkəmli dövlət xadimlərinə və elm adamlarına bu layihəni təqdim etsə də, dövrün siyasi və ictimai şəraiti onun həyata keçirilməsinə imkan vermədi. Lakin bu təşəbbüs türk və müsəlman dünyasında əlifba islahatı haqqında geniş müzakirələrin başlanmasına təkan verdi.
Axundovun ən böyük xidmətlərindən biri əlifbanın dəyişdirilməsini sadəcə yazı məsələsi deyil, milli tərəqqi, elm, təhsil və mədəni inkişaf məsələsi kimi qiymətləndirməsi idi. O yazırdı ki, xalqın maariflənməsi üçün ana dilində kitablar çap edilməli, məktəblər açılmalı və hər kəsin asan öyrənə biləcəyi yazı sistemi yaradılmalıdır. Bu baxışlar sonrakı Azərbaycan maarifçiliyinin əsas ideoloji istiqamətlərindən birinə çevrildi, sonralar Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və digər görkəmli Azərbaycan ziyalıları tərəfindən davam etdirildi. Onlar mətbuat səhifələrində, elmi əsərlərində və ictimai çıxışlarında ana dilinin qorunmasını, yazının sadələşdirilməsini, xalqın maarifləndirilməsini və milli məktəbin inkişafını müdafiə edirdilər. Xüsusilə Məhəmmədağa Şahtaxtlı və Cəlil Məmmədquluzadə ərəb qrafikasının çatışmazlıqlarını ardıcıl şəkildə tənqid edir, Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğun yeni əlifbanın zəruriliyini əsaslandırırdılar.
Bu gün Azərbaycan əlifbasından danışarkən Mirzə Fətəli Axundovun adı yalnız böyük yazıçı və dramaturq kimi deyil, həm də milli əlifba islahatının banisi, ana dilinin inkişafını elmi əsaslarla müdafiə edən ilk böyük mütəfəkkirlərdən biri kimi dərin ehtiramla anılır. Onun ideyaları milli dilimizin, yazı mədəniyyətimizin və müasir Azərbaycan əlifbasının formalaşmasına gedən yolun ən möhkəm ideya təməlini təşkil etmişdir.
Dil millətin yaranışı və inkişafı ilə meydana gəlir. Buna uyğun olaraq, elmi rəylərə görə, Azərbaycan dilinin inkişafı III-VII əsrlərdə başlayıb, XI əsrdə Qafqazda və qonşu ölkələrdə geniş yayılıb, XII əsrdə isə ədəbi dil kimi tam formalaşıb. Səfəvilər dövlətində saray və ordu dili kimi dövlətin ilk rəsmi dili Azərbaycan dili olub.
Əski dövrün Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə seçilir. Zaman-zaman Azərbaycan dili “türki”, “türk dili”, “Azərbaycan türkcəsi”, “tatar dili”, “Qafqaz tatarlarının dili” kimi adlandırılıb. 1929-1939-cu illərdə latın qrafikalı əlifbamız sonra kiril əlifbası ilə əvəz edilib. 1991-ci ildən Azərbaycan yenidən latın qrafikalı əlifbaya keçilib. Ana dilinin müasir anlamda dövlət dili kimi işlənməsini vacib edən ilk qəti rəsmi sənəd Azərbaycan Xalq Cumhuriyyətinin1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsilə bağlı olub.
Qeyd edək ki, o vaxt dilimiz “Türk dili” adlanırdı. AXC 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edib.
Ümummilli lider Heydər Əliyev və Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tarixində ana dilinin qorunması və inkişafı xüsusi yer tutur. Bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. O, Azərbaycan dilini yalnız ünsiyyət vasitəsi kimi deyil, milli kimliyin, dövlət müstəqilliyinin və xalqın mənəvi varlığının əsas sütunlarından biri hesab edirdi.
Hələ sovet dövründə, 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri seçildikdən sonra Heydər Əliyev ana dilinin ictimai həyatda nüfuzunun artırılması istiqamətində ardıcıl siyasət yürüdürdü. Onun təşəbbüsü və qətiyyəti nəticəsində 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması mühüm tarixi hadisəyə çevrildi. Həmin dövrdə SSRİ məkanında bu cür qərarın qəbul edilməsi asan deyildi və bu addım milli-mənəvi dəyərlərin qorunması baxımından böyük siyasi iradənin göstəricisi idi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili məsələsi yenidən strateji əhəmiyyət qazandı. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etdi. Onun rəhbərliyi ilə Azərbaycan dili dövlət idarəçiliyində, təhsil sistemində, mətbuatda, elm və mədəniyyət sahələrində daha geniş tətbiq olunmağa başladı.
Ümummilli liderin dil siyasətində ən mühüm addımlardan biri Azərbaycan yazısının latın qrafikası əsasında tam tətbiqinin təmin edilməsi idi. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dili siyasətinin yeni mərhələsini müəyyənləşdirdi. Bu sənəd dövlət idarələrində, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və rəsmi sənədlərdə Azərbaycan dilinin düzgün tətbiqini, ədəbi dil normalarının qorunmasını və dövlət dilinə münasibətdə vahid yanaşmanın formalaşdırılmasını qarşıya məqsəd qoyurdu.
Bunun ardınca, 9 avqust 2001-ci il tarixli Fərmanla latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsi qərara alındı. Həmin fərmana əsasən, 1 avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması təsis edildi. Bu qərar yalnız əlifba dəyişikliyi deyil, milli-mənəvi dəyərlərin qorunması, müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və dünya azərbaycanlılarının ortaq yazı sisteminə qovuşması baxımından böyük tarixi əhəmiyyət daşıyırdı.
Latın qrafikalı əlifbaya keçid Azərbaycan dilinin fonetik xüsusiyyətlərini daha dəqiq əks etdirməyə, təhsil sisteminin müasirləşdirilməsinə, informasiya texnologiyalarının inkişafına uyğunlaşmağa və Azərbaycanı dünya elmi-mədəni məkanına daha sıx inteqrasiya etdirməyə xidmət etdi. Bu proses nəticəsində yeni dərsliklər, elmi nəşrlər, bədii əsərlər və rəsmi sənədlər latın qrafikası ilə nəşr olunmağa başladı.
Bu gün Azərbaycan dili beynəlxalq tribunalarında səslənən, müasir elmin, təhsilin, mədəniyyətin və informasiya cəmiyyətinin tələblərinə cavab verən inkişaf etmiş dövlət dili kimi yaşayırsa, bunun əsas təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən dil siyasəti dayanır. Onun müəyyən etdiyi strateji kurs bu gün də Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilərək Azərbaycan dilinin saflığının qorunmasına, zənginləşdirilməsinə və gələcək nəsillərə milli sərvət kimi ötürülməsinə xidmət edir.
Azərbaycan dövlətinin memarı Ümummilli liderimiz Heydər Əliyev dilimizə, mədəniyyətimizə həmişə xüsusi qayğı göstərib. Onun 2001 ci ildə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi naminə verdiyi Fərman da bu qayğının nümunəsidir. 2004-cü ildə Naxçıvan şəhərində dilimizin şərəfinə “Ana dili” adlı abidədə ucaldılıb. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da, dövlətimizin, onun ali rəhbərliyinin Ana dilimizə olan həssas, qayğıkeş münasibətini əks etdirir.
Şükürlər olsun ki, bu gün Vətənimizin əsas atributları olan üçrəngli Bayrağımız,səkkizguşəli Gerbimiz, qəlb oxşayan Himnimiz və özümüzə məxsus gözəl, rəvan dilimiz var.

Sevda Axundova
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini
Gundelik.az