İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

AYİB “AccessBank”a 75 milyon avroyadək zəmanət ayırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyət göstərən “AccessBank” üçün 75 milyon avroyadək təminatsız zəmanət təqdim edəcək.

Gundelik.az AYİB-yə istinadən xəbər verir ki, layihə “Portfolio Risk Sharing” (PRS) (portfel üzrə riskin bölüşdürülməsi) mexanizmi çərçivəsində həyata keçiriləcək və zəmanət bankın yeni formalaşdırdığı mikro, kiçik və orta sahibkarlıq (MSME) kredit portfelinin kredit riskinin 50 faizədək hissəsini əhatə edəcək. Mexanizmin tənzimləyici qaydalara və müvafiq razılıqlara uyğun olaraq kapital yükünün azaldılmasına şərait yaradacağı gözlənilir.

Zəmanət iki bərabər tranş şəklində ayrılacaq. İlk mərhələdə 37,5 milyon avroyadək vəsait müqavilənin imzalanması zamanı təsdiqlənəcək, ikinci tranş isə AYİB-nin qərarından asılı olacaq. Hər tranşın müddəti 5 ilədək nəzərdə tutulur.

Layihənin əsas məqsədi kredit riskinin bölüşdürülməsi vasitəsilə “AccessBank”ın inkişaf imkanlarını genişləndirmək və Azərbaycanda bank xidmətlərinə çıxışı məhdud olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini artırmaqdır. Kreditlərin əsasən gənclərə və qadınlara məxsus və ya onlar tərəfindən idarə olunan bizneslərə, həmçinin regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yönəldilməsi planlaşdırılır. Bu isə inklüziv regional iqtisadi inkişafın dəstəklənməsinə xidmət edəcək. Layihənin keçid təsiri göstəricisi (ETI) 65 bal səviyyəsində qiymətləndirilib. Bu göstərici layihənin inklüzivlik və rəqabətlilik baxımından təsiri ilə əlaqələndirilir.

Qeyd olunub ki, “AccessBank” Azərbaycanın orta ölçülü kommersiya banklarından biridir. 2025-ci ilin sonuna bank ümumi aktivlər və depozitlər üzrə ölkədə səkkizinci, ümumi kredit portfeli üzrə isə altıncı yerdə qərarlaşıb. Bankın bazar payı aktivlər üzrə 3 faiz, depozitlər üzrə 4 faiz, kreditlər üzrə isə 3 faiz təşkil edir. Hazırda bank ölkə üzrə 37 filial vasitəsilə fəaliyyət göstərir və 1 500-dən çox əməkdaşa malikdir.

Layihə çərçivəsində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən təlim və seminar proqramları da həyata keçiriləcək. Bu təşəbbüslər qadın sahibkarlığının inkişafı və biznes bacarıqlarının gücləndirilməsinə yönələcək.

Bundan əlavə, zəmanət mexanizmi Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD+) proqramı çərçivəsində təqdim olunan “First Loss Risk Cover” aləti ilə dəstəklənəcək.

Gundelik.az