Avstraliya arıqlamaq və 2-ci tip diabetin müalicəsi üçün istifadə olunan GLP-1 tərkibli dərmanların nadir, lakin ciddi göz xəstəliyinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Avstraliya Şəfalı Məhsullar İdarəsinin (TGA) yaydığı açıqlamada 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə olunan dərmanlarla bağlı xəbərdarlıq edilib.
Bildirilib ki, sözügedən dərmanlar arteritik olmayan anterior işemik optik neyropatiya (NAION) adlı nadir göz xəstəliyinə səbəb olur. Bu xəstəlik, görmənin itirilməsi də daxil olmaqla, qalıcı görmə pozuntularına gətirib çıxarır. Hazırda itirilmiş görməni bərpa edən təsdiqlənmiş müalicə üsulu mövcud deyil.
TGA GLP-1 tərkibli dərmanlardan istifadə edən şəxslərə hər hansı görmə itkisi yaşadıqları halda dərmanı qəbul etməyi dayandıraraq təcili şəkildə tibbi yardıma müraciət etməyi tövsiyə edib.
Geri dönməz göz zədələnməsinə səbəb olur
TGA indiyədək GLP-1 dərmanlarının istifadəsi ilə əlaqəli 36 NAION hadisəsinin qeydə alındığını açıqlayıb.
NAION gözün arxa hissəsində yerləşən görmə sinirinə qan axınının pozulması nəticəsində yaranır. Xəstəlik adətən səhər yuxudan oyandıqda qəfil və ağrısız şəkildə meydana çıxır və bir çox hallarda görmə itkisi geri dönməz ola bilər.
2-ci tip diabet və iştaha nəzarəti üçün istifadə olunur
GLP-1 dərmanları qan şəkərinin səviyyəsini və iştahanı tənzimləməyə kömək edən hormonu təqlid edərək fəaliyyət göstərir. Bu dərmanlardan əsasən 2-ci tip diabetin müalicəsində, həmçinin piylənmənin və artıq çəkinin idarə olunmasında istifadə edilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

