ABŞ prezidenti Donald Trampın administrasiyası hazırda bütövlükdə ABŞ Silahlı Qüvvələrinin sayını təxminən 100 min nəfər azaltmağı planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə amerikalı politoloq Malek Dudakov xarici KİV-lərə açıqlamasında bildirib.
O, siyasətçinin qoşunları xüsusən də Avropa ölkələrindən çıxarmaq niyyətində olduğunu vurğulayıb: “Amerika ordusunun hazırkı sayı 450 min nəfərdir və onlar onu 360 minə endirməyi planlaşdırırlar. Təbii ki, Avropada olan bölmələr ixtisara məruz qalacaq”.
Dudakov izah edib ki, bu qərar ABŞ-nin Avropada yerləşən qüvvələrinin saxlanmasına əlavə xərclər yaratdığı üçün qəbul edilə bilər: “Eyni zamanda, ABŞ qoşunları nəinki azaldıla bilər, hətta Trampın daha yüksək prioritet hesab etdiyi digər ərazilərdən də geri çəkilə bilər. Xüsusilə də bu ərazilərə Hind-Sakit Okean bölgəsini, Yaxın Şərq və ABŞ-nin cənub sərhədini – narkotik vasitələrinə qarşı genişmiqyaslı əməliyyatların təşkil etməyi planlaşdırdığı yeri misal göstərə bilərik. Yəni ABŞ xərclərini azalatmaq üçün sözügedən ərazilərdə də qoşunlarının sayını azalda və ya tam geri çəkə bilər”.
“Amerika qoşunlarının Avropadan çıxarılması bu gün və ya sabah olmayacaq, ancaq Rusiya ilə Ukrayna istiqamətində deskalasiya ilə bağlı razılığa gəlmək mümkün olduqdan sonra baş verəcək”, – Malek Dudakov qeyd edib.
Onun sözlərinə görə, Avropadakı Amerika kontingentinin 2021 səviyyəsinə endirilməsi tamamilə realdır: “Tramp hamını Avropadan geri çəkməyəcək, lakin o, məsələn, Baydenin dövründə gətirilənləri geri çəkə bilər”.
Xatırladaq ki, Ağ Evdə jurnalistlərə açıqlamasında D.Tramp Avropada hərbi kontingentin azaldılması ilə bağlı planlarının olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ qoşunların yerləşdirilməsi və saxlanması üçün pul ödəyir, lakin “böyük təzminat” almır.
Onu da əlavə edək ki, 2025-ci ilin yanvarında mediada Trampın bütün kontingentin beşdə birini – 20 min Amerika əsgərini Avropadan çıxarmaq niyyətində olduğu barədə məlumatlar yayılıb.
Gundelik.az
