Avropalı keçmiş nazirlər, səfirlər və yüksək vəzifəli şəxslərdən ibarət 350 nəfər, Avropa İttifaqı (AB) ilə İsrail arasında olan Ortaqlıq Sazişinin dayandırılmasına çağırış edib.
Onlar 21 aprel tarixində keçiriləcək AB Xarici İşlər Nazirləri toplantısı öncəsi yaydıqları birgə bəyanatda bildiriblər ki, İsrail Qəzza və Qərb Sahilində, o cümlədən Şərqi Qüdsdə işğal siyasətini davam etdirir.
Mətnə görə, Fələstin torpaqlarını zəbt edən israilli məskunlaşanlar fəaliyyətlərini davam etdirir, yeni tikinti layihələri planlaşdırılır və xüsusilə Qərb Sahilini bölən E1 dəhlizi ilə bağlı addımlar hələ də gündəmdədir. Həmçinin İsrailin Livana hücumları nəticəsində insan tələfatı və köçkünlük hallarının yaşandığı qeyd olunub.
Bəyanatda vurğulanır ki, İsrail Qəzzada humanitar yardımlara çıxışı məhdudlaşdırmaqda davam edir, BMT qurumlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyəti əngəllənir və bölgədə humanitar vəziyyət daha da ağırlaşır.
Eyni zamanda, terror ittihamı ilə mühakimə olunan fələstinlilər üçün nəzərdə tutulan ölüm cəzasına da toxunulub və bu qanunun israilli yəhudiləri əhatə etmədiyi bildirilib.
Keçmiş rəsmilər xatırladıblar ki, AB-nin xarici siyasəti demokratiya, hüququn aliliyi və insan haqlarına hörmət prinsiplərinə əsaslanır. Onların fikrincə, İsrail bu prinsipləri pozur. Həmçinin AB–İsrail Ortaqlıq Sazişinin 2-ci maddəsində insan haqlarına hörmətin əsas şərt olduğu qeyd edilib.
Bəyanatda əlavə olunur ki, AB-nin indiyədək İsrailə qarşı konkret addımlar atmaması beynəlxalq səviyyədə “ikili standart” təəssüratı yaradıb.
Tələblər: İmzaçıların əsas tələbləri bunlardır:
AB–İsrail Ortaqlıq Sazişinin qismən və ya tam dayandırılması
Qanunsuz məskunlaşmalarla bağlı ticarətin qadağan edilməsi
Hərbi ticarətin dayandırılması
İsrailin AB proqramlarında iştirakının dayandırılması
İnsan hüquqları pozuntularında iştirak edən şəxslərə qarşı sanksiyaların genişləndirilməsi
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
