NATO-nun Kalininqrad vilayətinə qarşı mümkün dəniz blokadası üçüncü dünya müharibəsinə səbəb ola bilər.
Gundelik.az xəbər verir ki, bu barədə Fransanın “AgoraVox” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, əgər NATO Kalininqradın Baltik dənizinə çıxışını məhdudlaşdırmağa cəhd etsə, bu, 1962-ci ilin oktyabrında baş vermiş Kennedi–Xruşşov raket böhranının təkrarı ilə nəticələnə bilər. Müəlliflərin fikrincə, Kalininqrad yeni bir “raket böhranının episentrinə” çevrilə bilər.
“AgoraVox” həmçinin vurğulayır ki, Rusiya və ABŞ arasında soyuq müharibənin yenidən alovlanması və ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsindən çıxması fonunda qlobal münaqişə ehtimalı artır.
Bu mövzuya münasibət bildirən Serbiyanın keçmiş baş nazirinin müavini Aleksandr Vulin Qərbin siyasətinin nəticəsində dünyanın nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Onun sözlərinə görə, ən azı “50 il dinc həyatı təmin edəcək yeni beynəlxalq müqavilə” imzalanmalıdır. Vulin əlavə edib ki, ABŞ Rusiyanı nüvə silahı ilə hədələməməlidir, çünki bu, “bəşəriyyətin sonu” demək ola bilər.
Bu arada, Vaşinqtonun nüvə sınaqları keçirməyə hazırlaşdığı da bildirilir.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın sabiq prezidenti Leonid Kuçma Üçüncü dünya müharibəsinin başlamayacağını bəyan etmişdi.
Gundelik.az

