İyul 8, 2026
Baku

Ata və ya anasını itirmiş övladın üzərində ögey ata və ya ananın onun üzərindəki hüququ

 Günümüzdə  qarşılaşdığımız  bəzi mühüm problemlərdən biri də valideynini itirmiş uşağın hər hansı səbəbdən ötrü  digər insan tərəfindən övladlığa götürülməsi və ögey valideyinə sahib olmasıdır. Bu hal ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünsə də, bəzən özü ilə müəyyən problemləri də gətirə bilir.  Məsələyə  Hüquqi-Sosial Yardım və  Maarifləndirmə İctimai birliyinin sədri  Fariz Əkbərov aydınlıq gətirdi.

 Müsahibəni sizə təqdim edirik:

– Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideyn məsuliyyəti valideyn (ata, ana, qanuni nümayəndə) üzərinə düşən hüquq və məsuliyyət kimi başa düşülür. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə hər hansı iş bögüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir. Ancaq müəyyən hallarda valideynlər bu hüquqlardan məhrum ola bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlik hüquqlarından məhrumetmə halları təsbit edilib. Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Burada həmçinin dövlətin müdaxiləsi halları da istisna edilmir və bu, uşağın mənafeyi tələb etdiyi halda baş verir. Yəni, dövlət uşaq hüququnun pozulması və onun maraqlarının nəzərə alınmadığı hallarda müdaxilə edə bilər. Məcəllə həmçinin göstərir ki, valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yaranarsa bu zaman müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 117 -ci maddəsində deyilir ki, Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Həmin Məcəllənin 118-ci maddəsində göstərilmişdir ki, uşaq qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.3.2-118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir.Uşaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) bu Məcəllənin 118.3-cü maddəsinin tələbləri onlara şamil olunmur.Yəni Övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılmır, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilmir və sair.

 Ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə zamanı məhkəmə prosesində müvafiq icra hakimiyyəti orqanının iştirakı tələb olunmur.   Həmin Məcəllənin 121-ci maddəsinə əsasən – Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.  Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır. Həmin Məcəllənin 132 ci maddəsində deyilir ki, Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir.

– övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;

–  övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;

–  övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;

– övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər.

Gundelik.az