ABŞ prezidenti Donald Trampın son tarixlə bağlı təhdidi yaxınlaşsa da, bəzi Asiya ölkələri artıq İranla razılaşmalar əldə ediblər.
Bazar ertəsi ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər İran çərşənbə axşamı Vaşinqton vaxtı ilə saat 20:00-dək (GMT ilə çərşənbə 00:00) Hörmüz boğazını yenidən açmaq üçün razılığa gəlməsə, ABŞ onu “bir gecədə məhv edə bilər”. Lakin bu son təhdiddən əvvəl belə bəzi ölkələr artıq Tehranla öz gəmilərinin bu mühüm marşrutdan istifadə etməsi üçün razılaşmalar əldə etmişdi.
Asiya ölkələri — ən son olaraq Filippin — bu cür razılaşmalar əldə etməyə xüsusi maraq göstərir, çünki onların iqtisadiyyatı Fars körfəzindən gələn enerji resurslarından ciddi şəkildə asılıdır.
Bu strateji marşrut İranın ABŞ və İsrailin hava zərbələrinə cavab olaraq boğazdan keçən gəmilərə hücum etməklə hədələməsindən sonra qlobal gərginlik nöqtəsinə çevrilib.
Dünya enerji daşımalarının təxminən beşdə biri bu dar su yolundan keçdiyi üçün, daşımaların pozulması fonunda neft qiymətləri kəskin artıb.
Keçən həftə Tramp bildirib ki, ABŞ-ın Körfəz neftinə ehtiyacı yoxdur. O, bu regiondan asılı olan ölkələri boğaza hərbi gəmilər göndərməyə və daşımaların bərpasında əsas rol oynamağa çağırıb.
Son həftələrdə Pakistan, Hindistan və Filippin də daxil olmaqla bir neçə Asiya ölkəsi İranla razılaşaraq bəzi gəmilərinin təhlükəsiz keçidinə nail olub. Çin də bəzi gəmilərinin bu marşrutdan istifadə etdiyini təsdiqləyib.
Lakin bu təminatların hansı gəmilərə aid olduğu və nə qədər davamlı olacağı hələ də qeyri-müəyyəndir. Mütəxəssislər bildirir ki, bu zəmanətlərin yalnız müəyyən gəmilərə, yoxsa müəyyən ölkə bayrağı altında üzən bütün gəmilərə aid olduğu bilinmir.
Buna baxmayaraq, Körfəz enerjisinə ehtiyacı olan ölkələr başa düşür ki, daşımaları bərpa etmək üçün İranla əlaqə qurmaq məcburiyyətindədirlər.
Diplomatiyanın nəticələri
Filippin İranla razılaşma əldə edən son ölkədir.
Filippinin xarici işlər naziri Tereza Lazaronun sözlərinə görə, İran rəsmiləri Filippin bayrağı altında üzən gəmilər üçün “təhlükəsiz, maneəsiz və sürətli keçid” təmin edəcəklərinə söz veriblər.
Onun sözlərinə görə, bu razılaşma enerji və gübrə təchizatının təmin olunması baxımından “həyati əhəmiyyət” daşıyır.
Filippin neftinin 98%-ni Yaxın Şərqdən idxal edir və İranla müharibə başladıqdan sonra yanacaq qiymətləri iki dəfədən çox artdıqda ölkə ilk olaraq enerji fövqəladə vəziyyəti elan edib.
Bəzi ekspertlər qeyd edir ki, İranın boğazın yalnız ABŞ və onun müttəfiqləri üçün bağlı olması ilə bağlı iddiaları hələ də qeyri-müəyyəndir. Filippinin ABŞ müttəfiqi sayılmasına baxmayaraq belə razılaşma əldə etməsi İranın münasibətləri “ayrı-ayrılıqda qiymətləndirdiyini” göstərə bilər.
Digər ölkələr də İranla danışıqlar aparıb. Pakistan martın 28-də açıqlayıb ki, İran 20 gəmisinin boğazdan keçməsinə icazə verib. Hindistan gəmilərinin də təhlükəsiz keçidi təmin olunub.
Çin isə son həftələrdə üç gəmisinin boğazdan keçdiyini bildirib, lakin detalları açıqlamayıb. Eyni zamanda məlumatlara görə, ABŞ sanksiyalarına baxmayaraq İran nefti Çinə çatdırılmağa davam edir.
Hələ bilinməyənlər
Gəmilərin hansı şərtlərlə təhlükəsiz keçid əldə etdiyi və bunun üçün ödəniş edilib-edilmədiyi məlum deyil.
Məsələn, Yaponiyaya məxsus bir qaz tankeri bu yaxınlarda boğazdan keçib və ekipajın təhlükəsiz olduğu bildirilib, lakin keçidin necə təmin olunduğu açıqlanmayıb.
Malayziya da bəzi tankerlərinin keçidinə icazə verildiyini açıqlayıb, lakin bu imkanın digər gəmilərə şamil olunub-olunmayacağı bilinmir.
Ekspertlər qeyd edir ki, bu razılaşmalar diplomatik uğur sayılsa da, problemin tam həlli deyil. Bu təminatların nə qədər davamlı olacağı və bölgədəki hərbi əməliyyatların buna necə təsir edəcəyi hələ də sual altındadır.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
