İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Artemis II üçün ən təhlükəli mərhələ başlayır: Yerə dönüş sınağı

Ayın uzaq tərəfindəki tarixi uçuşunu başa vuran Artemis II ekipajı üçün missiyanın ən riskli hissəsi yaxınlaşır. Astronavtlar indi saatda 40 min kilometrdən artıq sürətlə Yer atmosferinə daxil olmağa hazırlaşır.

Bu mərhələdə istifadə olunan Orion kapsülü atmosferə girərkən havadakı molekulları güclü şəkildə sıxaraq səs sürətinin təxminən 30 qatına çatacaq. Bu zaman kapsulun xarici səthində temperaturun 2760°C-yə qədər yüksəlməsi gözlənilir.

Ekipaj üzvlərindən Victor Glover bildirib ki, bu anı seçildiyi gündən bəri düşünür və əsas məlumatların məhz Yerə dönüş zamanı toplanacağını vurğulayıb.

Ən kritik risk: istilik qalxanı

Missiyanın ən həssas nöqtəsi 2022-ci ildəki Artemis I uçuşunda aşkarlanan istilik qalxanı problemi olaraq qalır. O zaman kapsulun “Avcoat” adlı qoruyucu materialında gözlənilməz çatlar və zədələnmələr müşahidə edilmişdi.

Artemis II kapsulunun da demək olar ki, eyni quruluşa malik olması mühəndisləri ehtiyatlı davranmağa məcbur edir. Əgər istilik qalxanı düzgün işləməzsə, astronavtların xilas şansı demək olar ki, yoxdur.

NASA-nın yeni strategiyası

Bu riski azaltmaq üçün NASA Artemis II üçün fərqli atmosferə giriş trayektoriyası seçib. Əvvəlki “sıçrama” (skip reentry) üsulu əvəzinə bu dəfə istilik yükünü daha balanslı paylamağı hədəfləyən “yüksəldilmiş” (loft) trayektoriya tətbiq olunacaq.

NASA rəsmiləri bildirir ki, bir ildən artıq aparılan testlər nəticəsində ekipajın təhlükəsiz şəkildə Yerə qayıdacağına inanırlar.

Tənqidlər də var

Bununla belə, bəzi keçmiş NASA mütəxəssisləri bu qərarı riskli hesab edir. Keçmiş astronavt Charlie Camarda tanınmış bir problemin tam həll olunmadan insanlı uçuşda istifadə edilməsini məsuliyyətsizlik adlandırıb.

O iddia edir ki, çatların uçuş zamanı necə inkişaf edəcəyinə dair tam elmi model olmadan bu riskə getmək düzgün deyil.

NASA isə təhlükəsizliyin prioritet olduğunu və gələcək missiyalar üçün istilik qalxanlarının daha dayanıqlı materiallarla yenilənəcəyini açıqlayıb.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az