Gundelik.az Dünya Araşdırma: ChatGPT və Gemini istifadəçiləri qeyri-qanuni qumar saytlarına yönləndirə bilər
Dünya Xəbərlər

Araşdırma: ChatGPT və Gemini istifadəçiləri qeyri-qanuni qumar saytlarına yönləndirə bilər

Yeni bir araşdırma göstərir ki, populyar süni intellekt çatbotları – o cümlədən ChatGPT və Gemini – bəzən istəmədən istifadəçiləri qeyri-qanuni qumar saytlarına yönləndirə bilər.

Araşdırma The Guardian və Investigate Europe jurnalistləri tərəfindən aparılıb. Onlar bir neçə məşhur süni intellekt sistemini sınaqdan keçirərək müəyyən ediblər ki, bəzi hallarda bu sistemlər Böyük Britaniyanın qaydalarına tabe olmayan, lisenziyasız və ölkə xaricində fəaliyyət göstərən kazino saytlarını tövsiyə edə bilir.

Testlər böyük texnologiya şirkətlərinə məxsus beş AI aləti üzərində aparılıb. Bunlara OpenAI, Google, Microsoft, Meta və xAI (Grok) daxildir.

Tədqiqatçılar çatbotlara onlayn kazinolar və qumar məhdudiyyətləri barədə suallar veriblər. Bir çox hallarda sistemlər qeyri-qanuni mərc saytlarının siyahısını təqdim edib və onlardan istifadə barədə məsləhətlər də verib. Hətta bəzi botlar istifadəçilərə mövcud qoruma mexanizmlərini necə keçmək barədə yollar da göstərib.

Qumar məhdudiyyətlərini necə keçmək barədə məsləhətlər

Araşdırmanın ən narahatedici nəticələrindən biri çatbotların məsuliyyətli qumar sistemlərini necə asanlıqla keçmək barədə məlumat verə bilməsi olub.

Məsələn, Böyük Britaniyada GamStop adlı sistem mövcuddur. Bu sistem insanlara lisenziyalı qumar saytlarından özlərini könüllü şəkildə uzaqlaşdırmağa imkan verir. Lakin araşdırmaya görə, bəzi AI sistemləri istifadəçilərə bu sistemə qoşulmayan kazinoları necə tapmaq barədə məsləhətlər verib.

Araşdırma həmçinin göstərib ki, bəzi botlar qumarbazları cəlb edən xüsusiyyətləri də vurğulayıb. Məsələn:

böyük bonuslar

sürətli ödənişlər

Cryptocurrency ilə ödəniş imkanı

Bu tip kazinolar çox vaxt Curaçao kimi dənizaşırı yurisdiksiyalarda minimal nəzarət altında fəaliyyət göstərir. Tənzimləyicilər bildirir ki, bu vəziyyət istifadəçiləri fırıldaqçılıq və ya qumar asılılığı riskindən qorumağı çətinləşdirə bilər.

Şirkətlərin reaksiyası

Bu iddialara cavab olaraq texnologiya şirkətləri təhlükəsizlik sistemlərini daha da təkmilləşdirmək üzərində işlədiklərini bildiriblər.

OpenAI açıqlayıb ki, ChatGPT qanunsuz fəaliyyətə kömək edən sorğuları rədd etmək üçün hazırlanıb.

Microsoft isə bildirib ki, onun Microsoft Copilot köməkçi sistemi zərərli tövsiyələrin qarşısını almaq üçün bir neçə təhlükəsizlik qatına malikdir.

Mənbə: Digital Trends

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version