İyul 10, 2026
Baku
Xəbərlər

Aqrar siyasət komitəsinin iclasında

İyulun 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə səkkiz məsələ daxil edilib.

Tədbirdə komitənin sədri Tahir Rzayev məsələləri təqdim edib. O, əvvəlcə “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) ilə əlaqədar məlumat verib. O, sənədin müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmləri, habelə aqrar sahədə aparılan islahatların dərinləşdirilməsi məqsədilə sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəflədiyini qeyd edib.

“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun layihəsinə (ikinci oxunuş) dair məlumat verən komitə sədri bildirib ki, layihədə seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları, toxumluq əkinlər barədə məlumatları özündə birləşdirən informasiya sistemi təsbit edilir.

Sonra iclasda “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) barədə məlumat verilib. Qeyd edilib ki, qanun layihəsi balıqçılıq və akvakultura sahəsində mövcud hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, həmçinin bu sahədəki hüquqi mexanizmlərin gücləndirilməsinə yönəlib.

Gündəliyin növbəti məsələsi, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair məlumat verən komitə sədri deyib ki, qeydiyyat şəhadətnaməsinin verilməsi zamanı yaradılan təsərrüfatın tələblərə uyğunluğunun qiymətləndirilməsi, ekspertiza və inzibati icraat tədbirləri həyata keçirilərkən dövlət rüsumunun müəyyən edilməsi həmin inzibati xərclərin qismən kompensasiyasını təmin etməklə yanaşı, hüquqi sistemdə bərabərlik və vahid yanaşma prinsipini də təmin edir və fəaliyyətin leqallaşdırılmasını stimullaşdırır.

Tədbirdə habelə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) diqqətə çatdırılıb. Qanun layihəsinin torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlandığı vurğulanıb.

Sonra gündəliyin altıncı məsələsi – Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) təqdim edilib. Qeyd olunub ki, qanun layihəsində daşınmaz əmlakın kadastrı və reyestri sahəsində qanunvericilik bazasının inkişafı üçün dəyişikliklər nəzərdə tutulub.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri qeyd edib ki, təklif edilən dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcəkdir.

Sonra gündəliyin sonuncu məsələsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi qanun layihəsi təqdim edilib. Komitə sədri təklif olunan qanun layihəsinin Vergi Məcəlləsində ayrı-ayrı maddələrdə elektron siqaretlərlə bağlı ləğv edilmiş maddələrə istinadları aradan qaldırdığını, həmçinin “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunlarında müvafiq uyğunlaşdırma xarakterli dəyişiklikləri təmin etdiyini qeyd edib.

İclasda müzakirə olunan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Onlayn iclasda komitənin sədr müavini Razi Nurullayev, üzvləri Azər Badamov, Novruzəli Aslanov, Vüqar İskəndərov, Eldar İbrahimov, Malik Həsənov, Ağalar Vəliyev, Aydın Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az