2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan tarixində təkcə hərbi uğur deyil, həm də milli iradənin, siyasi qətiyyətin və xalq–ordu birliyinin parlaq təzahürü kimi yadda qaldı. Qısa zaman kəsiyində əldə olunan bu qələbə uzun illər formalaşdırılmış stereotipləri dağıdaraq, həm regionda, həm də beynəlxalq müstəvidə yeni reallıqlar yaratdı. Aprel döyüşləri Azərbaycanın öz torpaqlarını azad etmək əzmini açıq şəkildə nümayiş etdirməklə yanaşı, sonrakı illərdə əldə olunacaq böyük Zəfərin ideoloji və psixoloji əsaslarını formalaşdırdı.
Məhz bu baxımdan, həmin hadisələrin hərbi-strateji və siyasi əhəmiyyəti bu gün də aktuallığını qoruyur. Mövzu ilə bağlı Gundelik.az xəbər portalına açıqlama verən elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu Aprel döyüşlərinin tarixi rolunu, nəticələrini və onların 2020-ci ildəki Vətən müharibəsində qazanılan Qələbəyə təsirini dəyərləndirib.
– Elşad müəllim, 2016-cı ilin aprel döyüşlərini Azərbaycan tarixində necə qiymətləndirərdiniz?
– 2016-cı ilin 2-5 aprel tarixlərində baş vermiş döyüşlər Azərbaycan tarixinin qızıl səhifələrindən biridir. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan dövləti, xalqı və ordusu böyük gücə və sarsılmaz iradəyə malikdir. Dövlətimizin başçısının da vurğuladığı kimi, bu hadisələr Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Bu döyüşlərin hərbi və psixoloji baxımdan əsas nəticələri nələr oldu?
– Aprel döyüşləri nəticəsində gələcək addımlarımız üçün mühüm hərbi-siyasi, mənəvi və psixoloji baza formalaşdı. Azərbaycan Ordusu qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirdi və uzun illər formalaşdırılmış “keçilməz müdafiə xətti” mifini tamamilə darmadağın etdi. Bu, həm cəmiyyətimizdə, həm də beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurdu.
Döyüşlərin konkret hərbi-strateji nəticələri barədə nə deyə bilərsiniz?
– Ən mühüm nəticələrdən biri 2000 hektardan artıq ərazinin işğaldan azad olunması idi. Xüsusilə Lələtəpə yüksəkliyinin və Talış kəndi ətrafındakı strateji yüksəkliklərin azad edilməsi böyük əhəmiyyət daşıyırdı. Bu uğur həm də Cocuq Mərcanlı kəndinə həyatın qayıtmasına imkan yaratdı.
Cocuq Mərcanlının bərpasını necə qiymətləndirirsiniz?
– Cocuq Mərcanlının bərpası Aprel döyüşlərinin ən mühüm nəticələrindən biridir. Bu kəndin təhlükəsizliyini təmin edən əsas faktor məhz Lələtəpə yüksəkliyinin azad olunması idi. Sonradan dövlət başçısının sərəncamı ilə kənddə genişmiqyaslı bərpa işləri aparıldı və 2017-ci ildə ilk ailələr doğma yurdlarına qayıtdılar. Bu hadisə “Böyük qayıdış”ın başlanğıcı kimi tarixə düşdü.
Aprel döyüşlərinin cəmiyyətə təsiri necə oldu?
– Bu döyüşlərdən sonra Azərbaycan cəmiyyətində qələbəyə inam daha da möhkəmləndi. Orduda isə yüksək mənəvi-psixoloji ruh formalaşdı. Xalq və ordu arasında birliyin daha da gücləndiyini müşahidə etdik.
Bu hadisələrin 2020-ci il Vətən müharibəsinə təsiri barədə nə deyə bilərsiniz?
– Aprel döyüşləri 2020-ci ildəki Vətən müharibəsinin mühüm təməlini təşkil etdi. Həm hərbi, həm də psixoloji baxımdan ordumuz və cəmiyyətimiz böyük bir hazırlıq mərhələsindən keçdi. Nəticədə Xalq–Ordu–Lider birliyi daha da möhkəmləndi və bu birlik qısa müddətdə tarixi Qələbəni təmin etdi.
Beynəlxalq və regional müstəvidə hansı dəyişikliklər baş verdi?
– Aprel döyüşləri dünya ictimaiyyətinin baxışına da təsir etdi. Artıq hər kəs anladı ki, Azərbaycan öz torpaqlarının bir qarışından belə imtina etməyəcək. Eyni zamanda Ermənistan cəmiyyətində də müəyyən psixoloji dəyişikliklər baş verdi və mövcud vəziyyətin davamlı olmadığı daha aydın şəkildə dərk edildi.
Sonda, Aprel döyüşlərinin əsas mesajı nədir?
– Aprel döyüşləri Azərbaycan əsgərinin qəhrəmanlığını və dövlətimizin qətiyyətini bütün dünyaya göstərdi. Bu hadisələr sübut etdi ki, güclü dövlət, güclü ordu və xalq birliyi olduqda qarşıya qoyulan bütün məqsədlərə nail olmaq mümkündür. Bu, həm tariximiz, həm də gələcəyimiz üçün çox mühüm dərsdir.
Ziyalə Əhmədli
Gundelik.az
