İllərdir iPhone-un dizaynında risk etmədən, ehtiyatlı addımlar atan Apple, görünür, yeni forma faktorlarını və daha cəsarətli dizayn seçimlərini araşdırmağa hazırdır. Şirkət bu istiqamətdə ilk addımı artıq iPhone Air ilə atıb və əlamətlər göstərir ki, növbəti böyük dəyişiklik qatlanan iPhone ola bilər. İndi isə Apple-ın dizayn təkamülünün daha da maraqlı mərhələyə keçdiyi görünür.
The Information nəşrinin məlumatına görə, Apple 2027-ci ilin payızında iPhone-un 20 illiyi münasibətilə xüsusi buraxılış modeli təqdim etməyi planlaşdırır. Layihədə iştirak edən şəxslər nəşrə bildiriblər ki, bu model “cihazın ön və arxa hissəsində kənarları boyunca əyilərək qara çərçivəni aradan qaldıran və ekran ölçüsünü genişləndirən bir korpusa sahib olacaq”.
Hesabatda əlavə detallara yer verilməsə də, bu təsvir xüsusi buraxılış iPhone-un Samsung, Motorola və Xiaomi kimi şirkətlərin əyri ekranlı Android telefonlarına bənzəyə biləcəyini göstərir. Bu halda dizayn vizual baxımdan olduqca təsirli görünsə də, istifadəçilər tərəfindən müsbət qarşılanmaya da bilər.
Vizual cəlbedicilik və praktik istifadə
Android istehsalçıları artıq bu dizayn trendindən uzaqlaşmağa başlayıblar. Çünki kənarlara doğru axan əyri ekranlar təsirli görünüşünə baxmayaraq, tez-tez tənqid olunub. Təsadüfi toxunuşlar əsas problemlərdən biridir; buna əlavə olaraq, cihaz yerə düşdükdə zədələnmə riski artır və ekran qoruyucularının uyğunluğu məhdud olur.
Həmçinin istifadəçilərin bu əyri dizaynın nə qədərindən həzz ala biləcəyi də hələ aydın deyil — xüsusilə də cihazın üzərinə qoruyucu örtük taxıldıqdan sonra. Hazırda Apple-ın xüsusi buraxılış iPhone-da təsadüfi toxunuş və dayanıqlıq problemlərini necə həll edəcəyi məlum deyil.
iPhone-un 20 illiyinə hələ iki il qaldığı üçün Apple-ın dizaynı təkmilləşdirmək və əyri ekranlı telefonlarda istifadəçilərin tez-tez qarşılaşdığı problemləri aradan qaldırmaq üçün kifayət qədər vaxtı var. Şirkətin bu məsələləri necə həll edəcəyi, xüsusi buraxılış modelinin alqışlanacağını, yoxsa tənqid olunacağını müəyyən edəcək.
Ziyalə Əhmədli
Gundelik.az