Apple-ın qatlanan iPhone-u (iPhone Fold) illərlə davam edən şayiələr və sızıntılardan sonra nəhayət təqdimata yaxınlaşır. Bloomberg-dən Mark Qurmanın sözlərinə görə, bu cihazın 2026-cı ilin sentyabrında təqdim olunması plan üzrə gedir.
Bu həftənin əvvəlində Nikkei Asia cihazın inkişaf mərhələsində, xüsusilə testlər zamanı problemlər yaşandığını bildirmişdi. Lakin Qurman buna qarşı çıxaraq qeyd edir ki, mürəkkəb dizayna baxmayaraq, Apple hələ də sentyabr təqdimat qrafikinə sadiq qalır.
Bəs bu o deməkdir ki, iPhone Fold 2026-cı ilin sentyabrında iPhone 18 Pro modelləri ilə birlikdə satışa çıxacaq? Görünən odur ki, yox.
Apple cihazı iPhone 18 Pro və iPhone 18 Pro Max ilə birlikdə təqdim etməyi planlaşdırsa da, satışlar daha gec başlaya bilər. Qurman bunu iPhone X ilə müqayisə edir: Apple həmin modeli sentyabrda elan etmişdi, amma satışlar noyabrda başlamışdı. iPhone Fold da oxşar şəkildə, ehtimal ki, hətta dekabr ayında satışa çıxarıla bilər.
Gözləmə müddətinə qarşılıq olaraq istifadəçilər belə xüsusiyyətlər əldə edə bilər:
Kitab kimi açılan qatlanan dizayn
5.5 düymlük xarici ekran və 7.8 düymlük daxili ekran (iPad mini ölçüsünə yaxın)
4.5–4.8 mm incəlik
Yeni Apple prosessoru
İkili arxa kamera sistemi
Ən həssas məsələ isə qiymətdir. Bu model Apple-ın məhsul xəttinin uğurunu müəyyən edə bilər. Hazırkı ehtimallara görə, başlanğıc qiymət 2000 dollardan yuxarı olacaq.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
