İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Almaniya BMT Təhlükəsizlik Şurasındakı məğlubiyyətə görə Rusiyanı günahlandırır

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, ölkəsinin Ukrayna və İsrailə verdiyi dəstək BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük uğrunda səs itirməsinə səbəb olmuş ola bilər.

Çərşənbə günü keçirilən səsvermədə Almaniya iki yer uğrunda mübarizədə Portuqaliya və Avstriyaya uduzub. Nazir bunu “acı məğlubiyyət” adlandırıb.

Vadeful deyib ki, Almaniyanın Ukraynaya qəti dəstəyi Rusiyanın narazılığına səbəb olub və Moskva Almaniyanın əleyhinə mövqe formalaşdırmağa çalışıb. Onun sözlərinə görə, Rusiyanın Almaniyanın Təhlükəsizlik Şurasında təmsil olunmasını istəmədiyi hər kəsə məlumdur.

Nazir əlavə edib ki, Almaniyanın Yaxın Şərq münaqişəsində İsrail qarşısında xüsusi məsuliyyət hiss etməsi və İsrailə dəstək verməsi də bəzi ölkələrin səsini itirməsinə təsir göstərə bilər.

BMT Təhlükəsizlik Şurası 5 daimi üzvdən – Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və ABŞ – və 10 müvəqqəti üzvdən ibarətdir.

Səsvermənin nəticələrinə görə:

Portuqaliya – 134 səs

Avstriya – 131 səs

Almaniya – 104 səs

Bundan başqa, Qırğızıstan, Trinidad və Tobaqo və Zimbabve də Şuraya seçilib.

Bu nəticə Almaniya kansleri Fridrix Merts üçün diplomatik zərbə hesab olunur. O isə bildirib ki, Almaniya beynəlxalq sistemin etibarlı dayağı olaraq qalacaq və BMT-dəki fəaliyyətini davam etdirəcək.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az