İyul 8, 2026
Baku
Ədəbiyyat

ALLAHA SIĞINAN ŞAİR

Şeir, sözün ən sıxılmış, duyğunun ən dərin, düşüncənin ən incə halıdır. O, yalnız hadisəni və ya fikri deyil, həm də onu hiss etdirməyi, oxucunun ürəyində əks-səda yaratmağı hədəfləyir. Şeir bəzən bir misrada hekayə, bir bənddə illərlə susulan duyğu, bir sözdə bütöv bir insan ömrünü gizlədə bilir. Onu nəsrdən fərqləndirən əsas cəhət, musiqisidir, yəni daxili ahəngi, ritmi, sözlərin melodiyası.
Şair isə sadəcə sözləri yanyana düzməyi bacaran adam deyil. O, hər duyğunu süzgəcdən keçirən, gördüyünü və yaşadığını poetik dillə ifadə edən, bəzən də başqalarının hisslərinə söz verən insandır. Şair həm şahiddir, həm tərcüman. O, zamanın yaddaşında iz buraxan, bəzən dövrünə qarşı çıxan, bəzən də xalqının ürəyində danışan səsdir.
Şairin ruhu ilə şeir bir-birinə qarışır. Şeir, şairin içindəki yaşantının bədii formasıdır. Şairin həyatına, xarakterinə, gördüyü dünyaya görə şeir formalaşır.
Güclü şeir güclü hissdən, səmimiyyətdən doğur, çünki oxucu səsi deyil, ürəyi eşidir.
Elə bəhs edəcəyim şair də şeirlərini ürəyinin səsi, yanğısıilə yazır…
Bu gün Yardımlı rayonunun Telavar kəndindən olan şair dostumuz İdris Babayevin Facebook səhifəsində “Hardasan?” rədifli bir şeiri çıxdı qarşıma. Şair, sanik bu şeirlə nalə çəkib, ağı deyirdi. Bildiyimiz kimi ötən günlərdə İdris Babayev qardaş acısı yaşamışdı. Həmin ağır itginin təsirindən yaranmışdı bu fəryad dolu şeir.
Şeir həm forma, həm də məzmun baxımından çox emosional və kədər yüklü bir yas poetikasıdır.
İdris Babayev qardaş itkisinin dərin ağrısını, həm də bu itkinin ailə və həyat üzərindəki boşluğunu olduqca təsirli qələmə alıb:
Dərdin ağırlığı əydi qəddimi,
Dizimin taqəti, qardaş, hardasan.?
Gəlib yaxın- uzaq, dost- tanış hamı,
Belimin qüvvəti qardaş, hardasan.?
Həftə tamam oldu, yeddi gün keçdi,
Yanağım göz yaşın doyunca içdi,
Sənsiz dünya mənə mənasız, heçdi,
Ömrümün zinəti qardaş, hardasan?
İstidir, soyuqdur yerin, bilmirəm,
Qazıblar qəbrini dərin, bilmirəm,
Yüz sual verirlər birin bilmirəm,
Anamın beyəti qardaş, hardasan?
Bayatı deyirəm hər gün ucadan,
Səni soruşuram həyət- bacadan,
Nə tez doyub getdin qardaş- bacıdan?
Atam əmanəti qardaş, hardasan?
Demişdin kəsəcəm bir erkək quzu,
Hamınız gələrsiz ayın doqquzu.
Dondu gözlərində yetmişin buzu,
Puç oldu niyyətin qardaş, hardasan?
Şeiri oxuduqca göz önündə uzaq, üzücü bir yol canlanır… Və dilimizdə olan “yolboyu” sözünü şeirboyu ifadəsi ilə əvəz etmək istəyirəm. Şair,
burda şeir boyu “qardaş, hardasan?” deyə, təkrar edir.
İllər öncə Yusif Aslanovun “Qardaş dərdi” şeirini oxuyanda keçirdiyim hissləri keçirdim.
Burada “ dərdin ağırlığı” yük olub qəddini əyir, belini bükür, qəmin ağırlığından insanın əyilməsi, həm də həyat gücünün azalması deməkdir. Qardaş itkisi fiziki gücü də sındırır və şair, bədənlə ruh arasında çırpındığını vurğulayır…
Şeir həm poetik ritm yaradır, həm də qardaş həsrətinin bitib-tükənməyən, cavabsız bir fəryad olduğunu göstərir. Buradakı “hardasan” təkcə məkan sualı deyil, həm də “sən niyə getdin?” və “niyə belə tez?” suallarının poetik ifadəsidir.
“Belimin qüvvəti”, “ömrümün zinəti”, “anamın beyəti” , bunlar qardaşın ailədəki və həyatda tutduğu yerin dəyərini oxucuya bildirir. Və diqqətimi çəkən misralardan biri də:
“Anamın beyəti qardaş, hardasan?”
“Beyət” sözü həm əmanət, həm baş tacı, həm böyüklük anlamında işlənir və ailə içindəki yeri vurğulanır.
“Həftə tamam oldu, yeddi gün keçdi” misrasında zamanın çox az keçməsinə baxmayaraq, həsrətin çoxluğu hiss olunur…
“Yanağım göz yaşın doyunca içdi” deyir, şair. Göz yaşının bənzətmə ilə yanağa içirilməsi həm bədii, həm də duyğusal gücə malikdir. Yanaq sanki canlı bir varlıqdır və göz yaşını içməklə ağrını ürəyinin dərinliklərinə işlədiyini göstərir.
Hər misra oxucuya öz acısını xatırladır:
“Dondu gözlərində yetmişin buzu” — ölüm anının bir anlıq donma, həyatın dayanması, yetmişdə vaxtın donduğunu yana-yana deyir, və ya :
“Demişdin kəsəcəm bir erkək quzu,
Hamınız gələrsiz ayın doqquzu”
Bu iki misranın acısı, qardaşın arzusunun yarım qalmasına, qəfil itkisinə və taleyin qəddarlığına işarə edir…
Bu şeir yalnız bir yas şeiri deyil, burda həm bədənlə ruhun zədələnməsi, həm ailə bağlarının qırılması, həm də milli-mədəni yas detalları var.
İdris Babayev itki ağrısını bəzən fiziki yük, bəzən donmuş baxış, bəzən də yarımçıq qalmış niyyət obrazları ilə ifadə edir. Təkrar olunan “qardaş, hardasan?” sualı isə oxucuya sanki dalğalı bir yas səsi kimi qulaqda “layla” uğultusu yaradır…
Mən, şair dostumuza bu ağrı-acını bir daha yaşamamağı arzu edir, Allahdan səbr diləyirəm.
Və sözümə davam edərək demək istəyirəm ki, İdris Babayev dərdlərə sinə gərməyi bacaran insanlardadır. Allahdan gələn hər bəlaya şükür etməklə qarşılıq bildirir. Beləliklə, şairin əlavə bir neçə şeirini oxudum və eyni qənatə gəldim ki, şair vətənpərvər, ailəcanlı olmaqla bərabər həm də Allaha bağlı və çox da etiqadlıdır. Bu bütün şeirlərdə özünü biruzə verir.
Ümumiyyətlə, İdris Babayevin şeirləri sadə, anlaşıqlı, danışıq üslubuna yaxındır…
Bu günlərdə İdris Babayevin “DÜNYANIN DƏRDİNİ ÇƏKMƏYƏ GƏLDİM” adlı növbəti kitabı işıq üzü görüb. Şairin eyni adlı şeirinə nəzər salaq:
Göz açıb dünyaya cümə axşamı,
Dünyanın dərdini çəkməyə gəldim.
Kökündən qoparıb bütün pisləri,
Yerində “yaxşılıq əkməyə” gəldim.
Qırıb dağıtmağa Zalımın zorun,
Açıb iç üzünü “baş direktor”un,
Yaxşı adamlara qurduğu torun,
Ərişin, arğacın sökməyə gəldim.
Nəfsinə qul olan neçə əyyaşın,
Sirrimi yadlara verən sirdaşın,
Qardaşın, bacısın satan oğraşın,
Abrın ətəyinə bükməyə gəldim.
Ay İdris, qırılan, sınan qəlbləri,
Naməhrəm kişini öpən ləbləri,
Yetim payı ilə dolan cibləri,
Tişəsi almazla tikməyə gəldim.
Şeir İdris Babayevin üslubuna xas, xarakterinə uyğun bir üslubdadır. Şeir mənəvi dəyərlərin bərpasına yönəlmiş güclü bir çağırış xarakteri daşıyır. Bənd-bənd baxsaq, şairin oxuculara ötürdüyü mesaj daha aydın görünür. Burda şair öz missiyasını elan edir: Dünyaya göz açdığı gündən məqsədi pisləri kökündən qoparıb yerinə yaxşılıq əkməkdir. Burada həm dini-əxlaqi, həm də ictimai motivlər birləşir.
“Cümə axşamı” ifadəsi təsadüfi deyil — islami ənənədə bu gün mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Şeirdə həm də zülmə, haqsızlığa qarşı mübarizə niyyəti var. “Baş direktor” obrazı sadəcə idarəçi deyil, rüşvət və intriqanın simvolu kimi təqdim olunur. “Ərişin, arğacın sökmək” ifadəsi hər şeyi kökündən dəyişmək mənasında işlədilir. Şair mənəvi pozğunluqları, satqınlığı, ailə və dostluq dəyərlərinin tapdanmasını kəskin tənqid edir. “Abrın ətəyinə bükmək” misrası isə namus, ismət və mənəviyyatın qorunmasını əks edən ifadədir.
Sonda isə yaralı qəlblərin sağaldılması, mənəviyyatın bərpası, yetim malının yeyilməsinin qarşısının alınması ideyası var. “Tişəsi almazla tikmək” ifadəsi çox güclü anlamlı deyimdi və şair, çox çətin, amma dəyərli bir iş görmək istədiyini deyir…
Bədii ifadələrlə yanaşı sərt ifadələr şairin, emosiyasına hakim ola bilməməsini, el arasında işlənən təhqir xarakterli söz seçməklə oxucuya fikrini tam aşılamaq üçün seçildiyini göstərir…
İlk oxunuşda çox səmimi, sadə dili olduğunu görürük. Amma şairin nə demək istədiyini bilmək üçün sözün alt qatına üzə çıxarmaq lazımdı.
Dgər bir dördlükdə deyir:
Dünyanın gözü kor, qulağı kardır,
Sözümü eşitməz, özümü görməz.
Qarğışla min evi bir gündə yıxar,
Yüz il dua etsəm bir divar hörməz.
İdris Babayev burda dünyanın ədalətsizliyini, bəzən insanların laqeydliyini və həyatın paradoksal tərəflərini vurğulayır.
“Dünyanın gözü kor, qulağı kardır” – insanlar bəzən həqiqətə baxmaq istəmir, eşitmək istəmir; haqsızlığa göz yumur.
“Sözümü eşitməz, özümü görməz” – şair öz varlığının, düşüncələrinin dəyərləndirilmədiyini, görməzlikdən gəldiyini deyir.
“Qarğışla min evi bir gündə yıxar” – pis niyyət, kin və qarğış çox tez dağıdıcı təsir göstərir.
“Yüz il dua etsəm bir divar hörməz”
Yəni şair demək istəyir ki, dünyada pislik çox tez yayılır və güclüdür, amma yaxşılıq və ədalət bəzən zəif qalır. Bu, həm də insanların həssaslığını itirməsinə qarşı bir etirazdır.
Demək olar ki, İdris Babayev öz dəst-xəttinə, öz yazı üslubuna sadiq bir şairdi. Bütün şeirlərində haqsızlığa qarşı olduğu, həyatda ədalət axtarışında olduğu özünü biruzə verir:
Məsələn:
“Çönür hərdən tərsinə, qoca vaxtı dəli beynim,
Atıram şeytana daş, gəlib dəyir sənə neynim,
İstəyirsən and içim, Qurandan köynək geyinim,
Mən sənə daş atmıram, daş seçibdir səni hədəf,
Axtarma məndə günah, güzgüdə bax özünə tərəf”
Bu bənddə şair bir az yumor, bir az da istehza ilə qarşı tərəfə cavab verir.
Yaşlılıqda bəzən ağlının qarışdığını, düşüncələrinin dəyişkən olduğunu etiraf edir, amma bunu həm də zarafatla deyir. Əslində niyyəti qarşı tərəfə deyil, “şeytana” qarşıdır, amma daş təsadüfən o insana dəyir. Burada həm məcaz, həm də incə giley var.
“İstəyirsən and içim,
Qurandan köynək geyinim” – Qarşı tərəfi inandırmaq üçün ən böyük andı içməyə hazır olduğunu deyir.
“Mən sənə daş atmıram, daş seçibdir səni hədəf”…
Qəsdən etmədiyini, sadəcə təsadüfün, taleyin elə gətirdiyini vurğulayır və sonda məsuliyyəti qarşı tərəfə qaytarır, “günah məndə deyil, özünə bax” deyir.
Yəni şairin hədəfinə mesajı budur: Mənim niyyətim sənə zərər vermək deyil, amma sən özündəki qüsurları görmək əvəzinə məni günahlandırırsan, -deyir…
İdris Babayev təkcə həyati şeirlər yazmır, həm də çox xəyalpərvər məhəbbət şairidir. Onun “Gəlmişəm” rədifli şeiri bu baxımdan diqqət çəkir:
Məndən darıxmağın dadın soruşma,
Həsrətdən imtahan verib gəlmişəm.
Qəlbimə qırx beş il əvvəl əkdiyin,
Ayrılıq güllərin dərib gəlmişəm.
Sevgidən əziyyət çəkən biriydim ,
Vurdun, dizin-dizin durub yeridim,
Vətəndən didərgin, dərbədər idim,
İndi öz yurduma qərib gəlmişəm.
Yuxuda görmüşdüm gəlmisən bizə,
Qonaq aparmışam səni Təbrizə.
Ayılıb yuxumu deyib dənizə,
Dərdimi o tayda sərib gəlmişəm.
Sinəm dava-dalaş meydanı olub,
Çoxu bu meydanın heyranı olub,
Mən sənin eşqinin qurbanı olub,
Məcnun obrazına girib gəlmişəm.
İdrisəm, yaramı soyub dərindən,
Bezməyib həyatın qəm- kədərindən,
Hörüb misra -misra şeirlərimdən,
Qəlblərdə qalalar qurub gəlmişəm.
.
Şair bu şeirdə uzun illərin həsrətini, ötüb keçən ömrün dərdini və yenidən özünə qayıdışın həm sevincini, həm də kədərini ifadə edir…
Süşet xəttində sevgidən əziyyət çəkmiş, amma yenə də ayağa qalxmış bir insan obrazı var. Şeirdə Təbriz yuxuda görülən bir görüş məkanı kimi keçir, bu isə gerçəkləşməyən arzulara işarədir. Hər misrada eşq yolunda çəkilən əzabların böyüklüyü vurğulanır.
Yəni, şair deyir ki, mən qırx beş ilin həsrəti, sevgisi, ağrısı ilə, həm yaralı, həm də qürurlu bir şəkildə, Vətənə və sevdama dönmüşəm.
Şairin missiyası misranı misraya hörərək qəlblərdə “qalalar qurmaq”, sözün gücü ilə yaşamaq, iz qoymaqdır.
Daim söz axtarışında olan İdris Babayev öz dediyi kimi, düz sözün axtarışındadır, gerçəkliyin axtarışındadır və elə növbəti şeirdə də “SÖZ AXTARIRAM” deyir:
Kimin qarğışına tuş oldum yenə,
Gecənin yarısı söz axtarıram.
Sanki min il əvvəl sönmüş ocağın,
Külün eşələyib köz axtarıram.
İnsanın, Şeytanın, hətta cinin də,
Əyrisi kin bəslər öz bət(i)nində.
Mənsə bu dünyanın əyri tinində,
Növbəyə dayanıb düz axtarıram.
Nəfsim öz yolunu azmasın deyə,
Yuxumu şamanlar yozmasın deyə,
Düşmən sərhəddimi pozmasın deyə,
Yarama basmağa duz axtarıram.
İdris, gözlərimə tökülübdür qor,
Yollara baxmaqdan gözüm olub kor,
Nə qədər ağıldan kəm olmuşam,gör,
Korun kəlləsində göz axtarıram.
İdris Babayevin bu şeirinin həm poetik, həm fəlsəfi, həm də ironiyalı dili var.
Şair “göz axtarıram” ifadəsini həm birbaşa görmək bacarığı, həm də simvolik olaraq haqqa, ədalətə, doğruluğa, vicdana baxış kimi işlədib. Bütün bəndlərdə bu “axtarış” həm həyatın çətinliklərinə, həm də insanın mənəvi korluğuna işarə edir…
Qarğışa tuş olmaq, gecənin yarısı söz (və ya həqiqət) axtarmaq şairin daxili narahatlığını, həyatdakı hansısa boşluğunu vurğulayır. Sönmüş ocağın külündə köz axtarmaq, ümidin sönmüş olduğu yerdə belə ümid axtarmağa işarədi.
Şair deyir ki, insanda, şeytanda, cinlərdə əyrilik var. Dünya da əyriliklərlə doludur. O, isə bu əyri dünyanın tinində “düz” axtarır, yəni ədaləti, dürüstlüyü tapmaq üçün sanki “növbəyə dayanıb”. Burada acı ironiya var: düz tapmaq o qədər çətindir ki, növbəyə durmaq lazımdır…
Nəfsin azmaması, falçıların yuxunu yozmaması, düşmənin sərhədi pozmaması üçün şair “yarasına duz basmaq” istəyir. Bu, özünü bərkidib acını qəbul etməklə ayıq qalmaq istəyidir. Sonuncu bəndə diqqət etsək görərik ki, şair, öz adını vurğulamaqla məcazi mənada deyir ki, gözlərinə qor tökülüb, yolları gözləməkdən kor olub. Amma yenə də, saf qalaraq, “korun kəlləsində göz axtarır” — yəni ən mümkünsüz yerdə ümid, çıxış yolu axtarır.
korun kəlləsində göz axtarmaq” xüsusilə vurğulu diqqət çəkən bir deyimdir. Burda həm özünütənqid, həm də bəşəri ümidsizlik mövcuddur.
Bu şeir həm satirik, həm də müdrik bir baxışın məhsuludur — sanki şair gülərək ağlayır. Olduqca təqdirəlayiq şeirdi…
Şair olmaq əzabdı, şair olmaq duyğuların əsiri olmaqdı, şair olmaq hər zaman qınaqda olmaqdı. Çünki nə demək istədiyini bəzən qarşı tərəf anlamır. Şairin anası həyatda olmasa da, onun üçün sağdı, duyur, hiss edir.
Ana sevgisi və onun ruhunu qoruya bilmə qorxusu var. Şair öz ölüm xəbərinin anasına çatmamasını istəyir və şeirlərin birində deyir:
Bircə xahişim var, sizdən, dostlarım,
Gecəykən qazılsın mənim məzarım.
Əziyyət çəksə də, el adamlarım,
Tabutun önündə qardaşım gəlsin,
Mənim ölməyimi anam bilməsin.
Gen dünya onsuz da, olub mənə dar,
Anamın qəbrindən arxada yer var.
Düz orda qazın ki, mənə də məzar,
Eşidim yaxından anamın səsin,
Mənim ölməyimi anam bilməsin.
Bir gün açıq qoyun qəbrimin üstün,
Günahlar tərk etsin məni büsbütün,
Sonra da astaca üstümü örtün,
Qoy duyum anamın isti nəfəsin,
Mənim ölməyimi anam bilməsin.
Heç kəs qınamasın qohum- qardaşı..
Şeirimdən qoyulsun mənə başdaşı.
Oxusun anam da, qarışsın başı.
Gözünün yaşını mələklər silsin,
Mənim ölməyimi anam bilməsin.
Hay salıb qışqırıb ağlayan o qız,
Cümə axşamları qalmasın yalqız,
Ona yoldaş olsun göydə ay, ulduz,
Ağlayan ağlasın, gülən də gülsün,
Mənim ölməyimi anam bilməsin.
Nə molla çağırın, nə ehsan verin,
Cənnətdə hazırdır onsuz da yerim,
Ötəndə yanımdan salam göndərin,
Qoy ruhu şad olsun, ölən hər kəsin,
Mənim ölməyimi anam bilməsin.
“Bilməsin” rədifki bu şeir, İdris Babayevin ana sevgisini, övladın anaya qarşı ən dərin və həssas hisslərini çox təsirli şəkildə ifadə edən bir poetik etirafdır.
O, məzarının anasının qəbrinin yanında olmasını arzulayır ki, ölümündə də ana ilə bir yerdə olsun, səsini duysun. Şair burda öz iç dünyasını, sadəliyini aydın göstərir, təmtəraqsız vidalaşma, mollasız, ehsansız, səs-küysüz dəfn istəyir. Bu da təvazökar, sadə xarakterini göstərir.
Sevgi və xatirələrin davamı kimi “ağlayan qız” obrazı, ay və ulduz- şeirin romantik və duyğusal qatını gücləndirir.
Və şair istəyir ki, başdaşında öz şeiri yazılsın. Beləliklə, yaddaşı sözlə əbədiləşsin.
Şeir oxucuya dərin hisslər yükləyir…
İdris Babayevin söz ehtiyatı zəngindi. Hər xatirəsini, yaddaşında oyanan ən kiçik detalı belə şeirə çevirə bilir. Şairin daha bir giley dolu şeiri diqqət çəkir:
İnsanların etibarsız olmağın,
İnanmadım atam mənə deyəndə.
Dedi ”dost”un, dosta tuzaq qurduğun,
Biləcəksən düz işini əyəndə,
İnanmadım atam mənə deyəndə
Çoxlarına dərs keçərsən, söylədi,
Yaxşı əkib, pis biçərsən ‘söylədi,
Tövbə edib and içərsən söylədi,
Yer verdiyin yersiz səni döyəndə,
İnanmadım atam mənə deyəndə.
”İt”lə dost ol, əldən qoyma əsanı,
Ac olanda yalayacaq kasanı,
Tox olanda etibarı bəs hanı?
Mat qalarsan sahibinə dəyəndə,
İnanmadım atam mənə deyəndə.
Çox görmüşəm həyatda ”dost” hiyləsin,
Zaman vurub üzümə tərs şilləsin,
Gözləmə sən, dedi: qışın çilləsin,
Şah palidı qurd içindən yeyəndə,
İnanmadım atam mənə deyəndə.
İdris gördü haqsızlığı darıxdı,
Qəlb titrədi əldə qələm karıxdı,
Yaşın otuz, nə otuz beş, nə qırxdı.
Altmışında fələk salar kəməndə,
İnanmadım atam mənə deyəndə….
Bu şeir məni xüsusilə təsirləndirdi. Hər bir atanın övladına verdiyi öyüd-nəsihəti, həyat dərslərinin sonradan gerçəkləşməsini poetik dillə, çox gözəl ifadə edir…
Şair atasının əvvəlcədən xəbərdarlıq etdiyi hallara əvvəl inanmadığını, lakin zamanla hamısının doğru çıxdığını etiraf edir.
Etibarın itirilməsi, insanların nankorluğunu və dostluqda xəyanətlərin kerçəkləşməsini, ehtiyac vaxtı yanında olan, amma tox olanda unudan insanları gördükcə, atasının səsi qulağına gəlir…
“Şah palidı qurd içindən yeyəndə” misrası isə xaricdən sağlam görünən, amma içdən çürüyən münasibətləri təsvir edir. Və şair, yenə də bir güclü mesaj ötürür: insan həyatda yaşa dolduqca, sınaqlar gördükcə, böyüklərin dediyi məsləhətlərin əslində həyat təcrübəsindən qaynaqlandığını anlayır. Etibarı korlayan, dostluq maskası altında zərər verən insanlara qarşı ayıq olmağı tövsiyyə edir.
Əslində bu şeir hər birimizin içindən gələn səsdir. Atamız deyındə inanmayıb, qulaqardına vurduöumuz sözləri dərk etdikcə əzab çəkirik. Şeir həm nəsihət, həm də etiraf xarakteri daşıyır. Gənclikdə inkar etdiyimiz, yaşa dolduqda isə təsdiqlədiyimiz həqiqətlərin poetik ifadəsidir…
Şeirlərindən hiss olunur ki, İdris Babayev dərd çəkmək üçün taranıb və şeirləri onun dərdişidir, ən yaxın dostu qələmdir. Səhhətində problemlər yaranan vaxt, Bakıda Olimp hospitalında da qələm köməyinə çatır:
Ox atdı Əzrayıl keçdi yanımdan,
Bəlkə də uzaqda kiməsə dəydi.
Ruhum yerin tapdı Allah yanında,
Bədənim səcdədə qəddini əydi.
Həkim zəkasının, elminin gücü,
Bəzən Əzrayılı mat qoya bilir,
Bəzən də həyatdan bezəndə ürək,
Həyat doymasa da, o doya bilir.
Allah özü bilir, başqa kim bilər,
Kimə bağışladı məni bu dəfə.
Bəlkə də özümə bağışladı ki,
Yetimə əl tutum yetsin hədəfə.
Şeirdə ölümün yaxınlığını elə ilk bənddə “ox atdı Əzrayıl” ifadəsiilə ölümün anidən gələ biləcəyini göstərir. Şair deyir ki, bu dəfə ölüm ona toxunmadı, amma kiməsə toxuna bilərdi. Ruhun Allah yanında yerini tapması, bədənin səcdədə əyilməsi əzrayıl oxunun ondan yan keçməsinə səbəb olub və bu da dinə bağlı birinin inancı kimi yozulur. İkinci bənddə isə təzadlı fikir var. Həkimin bilik və zəka gücünün bəzən ölümü gecikdirə bildiyi, amma bəzən insanın öz iradəsinin həyatdan imtina etməyə yetdiyi vurğulanır. Burada həm elmin, həm də həyatın mənəvi tərəfi qarşılaşdırılır. Sanki şair hələ ayrıd edə bilmir, həkimin sayəsində sağalıbmı, və ya Allahın sevimlisi olduğu üçün sağ qalıbmı. Amma son bənddə təkrarən, yaşama səbəbinin nədənini öyrənmək üçün axtarışda olduğu vurğulayır və qənatə gəlir ki, yetim-yesirə əl tutmaq lazımdır. Bu da keçmişdən bizlərə qalan atalar sözü kimi “hər ağızda bir dua var” məsəlini yada salır. Yəni bu həyatda qalmağın mənasını başqalarına fayda verməkdə görməsidir.
Müəllif, ölümə çox yaxın bir anı yaşadığını, amma hələlik Allahın ona möhlət verdiyini, bu möhlətin də başqalarına xeyir vermək üçün bir fürsət olduğunu çatdırmaq istəyir…
Davamı olaraq digər şeirdə Allahdan əlini üzmədiyini deyir:
Ağrımı uzaqdan süzənlər oldu,
Halıma lap dodaq büzən də oldu
Məndən ümidini üzən də oldu,
Eşitsin dostlarım qoy olsun agah,
Mən səndən əlimi üzmədim, Allah.
Gəldi yuxularım, gəldi qarışıq ,
O gecə zülmətdən ayrıldı işıq,
Matəm musiqisin tərs çaldı aşıq ,
Üzsə də əlini məndən “padişah”,
Mən səndən əlimi üzmədim, Allah.
Necə ki, baxmadı ürək sözümə,
Durdu əməllərim bir bir üzümə,
Arada özümçün edib zümzümə,
Desəm də Mühəmməd, ya Rəsulullah,
Mən səndən əlimi üzmədim, Allah.
Səmimi bir dua və etiraf təsiri bağışlayan bu şeir, həm həyatın gətirdiyi sınaqlara qarşı mətanəti, həm də inamın sarsılmazlığını ifadə edir. Allahdan ümidin kəsilməməsində səbr, təmkin və təslimiyyət hissi var, amma həm də qəlbin bir az yaralı səsi eşidilir. İdris Babayevin hər şeirində Allah adamı olduğunu aydın görürük. Əlləri daim Allahın ətəyində olan şair, son bənddə Mühəmməd Peyğəmbərin adının çəkməsi ilə şeiri dua halından salavat halına gətirir və imanın necə güclü olduğunu təsdiq etmiş olur. İmanlı, Quranlı, təqvalı şairimizin hər anında dilində Allah kəlamı, yaddaşında dua olduğunu növbəti bənddə də hiss edirik:
Başım daşdan daşa dəyib min kərə,
Ağlım hələ gəlməyibdir başıma.
Hafizəmdən silinsə də hər yazı,
Tanrı sözü həkk olunub huşuma.
İdris Babayevin yaddaşında, dünyagörüşündə, həyat fəlsəfəsində ilahi söz, dini-mənəvi dəyərlər silinməz yer tutur.
Şairin çoxlu həyat zərbələri almasına baxmayaraq, hələ də dərsləri tam mənimsəmədiyini etiraf edir. Bu, həm özünə ironiyadır, həm də təvazökar yanaşmadır…
Digər bəndlərdə isə şair fərqli abu-hava yaradır şeirdə:
Dolandıqca bu dünyanı xəyalım,
Vərəq üstə söz süzülür dilimdən.
Ürəyimdə haray çəkir nəğmələr,
Bəmim qalmır heç geridə zilimdən.
Hava isti, məzardan da yerim dar,
Həblərimin vaxtı çatır dalbadal.
Acqarına, toxqarına udhaud,
Udmadımsa evdə düşür qalmaqal.
Yavaş yeri addımını asta at,
İti addım atma hələ amandı.
Dünən səhər verdi həkim sərəncam,
Doldu başım dağ başıtək dumandı.
İdris, getdi sən gördüyün o çağlar,
Yaşa indi, bu zülümə döz, yaşa,
Yağlı olmaz, duzlu olmaz, ət az- az,
Heç tomat da vurmaq olmaz bozbaşa.
Şeir həm yumorla, həm də bir az kədər çaları ilə yazılıb, amma əsas ideya həyatın sərt reallıqlarını qəbul etməklə bağlıdır. Şair hər bənddə yaşın, xəstəliyin, dərmanların, məhdudiyyətlərin gündəlik həyatına təsirini təsvir edə bilir….
“Hava isti, məzardan da yerim dar” ifadəsi həm fiziki sıxıntını, həm də ömür yükünü obrazlı göstərir. Sonuncu bənddə keçmişin rahat, dadlı, qayğısız günlərinə həsrət, amma indiki çətinliyə səbir çağırışı var.
Həkimin verdiyi sərt qida və həyat tərzi məhdudiyyətləri (“ət az-az”, “tomat olmaz”, “yağlı olmaz”) yaşlanmanın və sağlamlıq problemlərinin gətirdiyi qaçılmaz qaydalar kimi verilir.
Şair bizə demək istəyir ki, həyat çətinləşəndə, Tanrı inancı və həyat eşqi ilə bu zülmü çəkmək lazımdır. O, həm düşdüyü hala gülür, həm də qəbul etdiyini bildirir…
Şairin yuxarıda vurğuladığım misrasında dediyi kimi, bədınlə ruh arasında çarpışır. Bədbin notlar daha çox üstünlük təşkil edir şairin misralarında:
Gözlərim dikilib haqq olan yerə,
Dünya ikiləşib gözümdə mənim.
Günahkar gəzməyin nə mənası var..?
Günahlar cəmləşib özümdə mənim.
Ruhum seyrə çıxır, namazdan qabaq,
Əmir ulduzların döşünnən şeiri.
Uğursuz olanda səfəri hərdən,
Göynəyir beynimin düşünən yeri.
Bu ağrı -acıya dözmür bədənim,
Bəlkə də yüz dəfə ölüb dirilir,
Ruh gəlib yerinə girənə qədər,
Nə çəkir bədənim bir Allah bilir.
Bəzən yola getmir ruh bədənimlə,
Sanki gözü qalıb pul-parasında.
Mənim nə günahım!? -özüm bilmirəm,
Qalmışam bədənlə ruh arasında.
Xəyanət edəcək ruhum bədənə,
Ayrılıb salacaq göylərə haray.
Torpağa tapşırıb cansız bədəni,
Qurarlar üstündə mərmərdən ”saray”.
Bu şeirdə İdris Babayev insanın daxili mübarizəsini – bədənlə ruh arasındakı gərginliyi – fəlsəfi və emosional şəkildə təsvir edir. Şeirdə insanın mənəvi aləmi ilə maddi varlığı arasında qalan halı dayanır. Şair, günah, ibadət, ruhun təmizliyi və bədənin zəifliyi kimi dini-fəlsəfi anlayışları işlədərək daxili ziddiyyətləri ifadə edir.
Ruh – ilahi, təmiz, ucalığa can atan tərəf olduğu halda, bədən isə maddi istəklərlə, zəifliklərlə doludur. “Gözü qalıb pul-parasında” ifadəsi nəfsin maddi meyllərə aludəçiliyini göstərir. Belə anlaşılır ki, şair həm əzab, həm də çaşqınlıq yaşayır. O, günahlarının fərqindədir, lakin bəzən öz günahının miqdarını da tam anlaya bilmir. Ruhun bədəndən ayrılması və onun torpağa təhvil verilməsi ölüm anına simvolik işarədir.
Belə düşünmək olur ki, dünyanın maddi cazibəsi ruhun ucalığını əngəlləyir.
Bu şeir həm dini, həm də insan psixologiyasını ustalıqla birləşdirir. Sanki müəllif oxucuya “Ən böyük mübarizə öz içimizdədir” demək istəyir…
Hörmətli İdris Babayevin şeirlərində iffət var, izzət var, nəsihət var. Fantaziyadan uzaq, olmuşlarla zəngin həyatda çəkdiyi acılarla dolu yaradıcılığı var. Və mən daim axtarışda olan yaradıcı şair İdris Babayevə uğurlar arzulayaraq fikrmi yekunlaşdırıram.
Əfşan Yusifqızı
Yazıçı
AYB-nin üzvü
Gundelik.az