Alimlər bildirirlər ki, son günlər Avropanı bürüyən rekord isti hava dalğaları 50 il əvvəl demək olar ki, mümkün deyildi. Onların qənaətinə görə, bu ekstremal istilərin əsas səbəbi iqlim dəyişikliyidir.
Böyük Britaniya və Avropanın müxtəlif universitet və elmi qurumlarından mütəxəssislərin birləşdiyi World Weather Attribution (WWA) təşkilatının araşdırmaçıları Avropa Birliyi ölkələri, Böyük Britaniya, İsveçrə və Norveçdə əhalisi 50 mindən çox olan 854 şəhərdə temperatur göstəricilərini təhlil ediblər.
Araşdırma nəticəsində müəyyən olunub ki, bu şəhərlərin 45 faizində istilik stressinin əsas göstəricilərindən biri sayılan yaş termometr qlobal temperaturu üzrə bütün dövrlərin rekord səviyyələri qeydə alınıb və ya bu rekordların qırılması gözlənilir.
Alimlərin fikrincə, son bir həftədə Avropada müşahidə olunan həddindən artıq isti hava 50 il əvvəl demək olar ki, mümkün deyildi və bunun əsas səbəbi insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyidir.
WWA-nın təhlilinə əsasən, sürətlə güclənən iqlim dəyişikliyi Avropada 2003-cü ildəki şəraitlə müqayisədə ekstremal isti hava dalğalarının baş vermə ehtimalını 100 dəfə, gündüz saatlarında rekord yüksək temperaturun qeydə alınması ehtimalını isə təxminən 10 dəfə artırıb.
Təhlil edilən 30 Avropa ölkəsindəki 854 şəhərin 45 faizində yüksək temperatur və rütubətin birləşməsi insan sağlamlığı üçün təhlükəli şərait yaradıb.
Araşdırma həmçinin göstərib ki, bu dəfə Avropadakı rekord istilərdə El-Nino iqlim hadisəsinin əhəmiyyətli rolu olmayıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell bildirib ki, kömür, neft və qazdan asılılıq nəticəsində yaranan iqlim dəyişikliyi sürətlə dərinləşir. Onun sözlərinə görə, çıxış yolu daha ucuz olan təmiz enerji mənbələrinə sürətli keçid, meşələrin qorunması və ölkələrin iqlim dəyişikliklərinə davamlılığının artırılmasından keçir. O vurğulayıb ki, artıq heç bir ölkə əvvəlki kimi fəaliyyət göstərməyə davam edə bilməz.
Tedor Keepinq isə qeyd edib ki, iqlim dəyişikliyinin isti hava dalğalarını gücləndirdiyini sübut edən elmi dəlillər qətidir. Onun sözlərinə görə, fosil yanacaqlardan yaranan emissiyalar bu həftə müşahidə olunan rekord istilərin birbaşa səbəbidir.
Keepinq əlavə edib ki, Avropada artıq demək olar ki, hər bir neçə ildən bir yeni temperatur rekordları qırılır. Bu il isə rekord istilər ardıcıl aylar ərzində təkrarlanıb. O bildirib ki, Böyük Britaniyada insanlar əvvəllər məktəblərin “qar günləri” səbəbindən bağlanmasına öyrəşmişdilər, lakin indiki nəsil artıq “isti günlər”lə böyüyür.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

