Boşanma və ailədaxili münaqişələr yalnız emosional sarsıntılarla məhdudlaşmır. Bu proses əksər hallarda ciddi maliyyə və hüquqi problemlərlə müşayiət olunur. Xüsusilə kreditlə əldə edilmiş əmlakın bölgüsü, eləcə də tərəflər arasında baş verən şantaj və təhdid hallarının hüquqi müstəvidə sübut edilməsi mürəkkəb və həssas məsələdir.
Bu kimi çətin hüquqi situasiyalara aydınlıq gətirmək məqsədilə Vəkillər Kollegiyasının üzvü, ℳediasiya Şurasının üzvü – mediator, vəkil Tural Həsənli mövcud qanunvericiliyin tələblərini və məhkəmə təcrübəsini izah edir.
Kreditlə alınmış ev boşanma zamanı necə bölünür?
– Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasında başqa hal nəzərdə tutulmadığı təqdirdə, onların nikah dövründə əldə etdikləri ümumi əmlak bərabər paylar əsasında bölünür.
Lakin bəzi hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, habelə tərəflərdən birinin diqqətəlayiq maraqlarını nəzərə alaraq bu bərabərliyi dəyişə bilər. Xüsusilə, ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə əmlakı ailənin maraqlarına zidd şəkildə sərf etdiyi hallar bu qəbildəndir.
Ümumi əmlak bölünərkən ər-arvadın birgə borcları da müvafiq paylara uyğun müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli №1/2024 saylı Qərarında da bu mövqe açıq şəkildə təsbit olunmuşdur.
Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, ər-arvaddan birinin üzərinə götürdüyü öhdəliklərin ailə ehtiyacları üçün istifadə edildiyi məhkəmə tərəfindən müəyyən edilərsə, həmin borc ümumi əmlaka yönəldilir. Ümumi əmlak kifayət etmədikdə isə tərəflər şəxsi əmlakları ilə birgə məsuliyyət daşıyırlar.
Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarında da vurğulanır ki, nikah dövründə ailə ehtiyacları üçün götürülmüş kredit və digər öhdəliklər ər-arvadın hər ikisi üçün hüquqi və maliyyə məsuliyyəti yaradır.
Beləliklə, ümumi əmlak anlayışı yalnız aktivləri deyil, eyni zamanda passivləri – yəni borc və öhdəlikləri də əhatə edir. Nikah dövründə əldə edilmiş əmlak necə bölünürsə, ailə məqsədləri üçün götürülmüş kreditlər də tərəflər arasında mütənasib şəkildə paylaşılır. Bununla belə, bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması faktını aradan qaldırmır.
Şantaj və təhdid hallarının sübutu üçün nə tələb olunur?
-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə, zor tətbiqi, rüsvayedici məlumatların yayılması və ya əmlaka zərər vurulması ilə hədələyərək özgənin əmlakını və ya əmlak xarakterli hərəkətləri tələb etmək hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini yaradır. Hədənin qarşı tərəfə çatdığı andan etibarən cinayət başa çatmış hesab olunur.
Lakin hüquqi praktikada tez-tez rast gəlinir ki, tərəflərdən biri digərinə qarşı sadəcə olaraq cinayət törədəcəyi barədə fikir səsləndirir və bunu təhdid kimi qiymətləndirir. Halbuki qanunvericiliyin mövqeyi daha dəqiq və sərtdir.
AR Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə yalnız hədənin real icra olunma ehtimalı mövcud olduqda cinayət məsuliyyəti yaradır. Yəni hədənin gerçəkləşəcəyinə dair real əsaslar olmalıdır.
Əksər hallarda şikayətçilər bu real təhlükəni sübut edə bilmir və ya araşdırma zamanı həmin əsasların mövcud olmadığı müəyyən edilir. Cinayət Məcəlləsinin 14-cü maddəsinə görə isə formal əlamətləri olsa belə, ictimai təhlükə törətməyən əməllər cinayət hesab edilmir.
Sübutetmə məsələsi necə həyata keçirilir?
-Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul edilir:
-
şübhəli, təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri;
-
ekspert rəyləri;
-
maddi sübutlar;
-
istintaq və məhkəmə hərəkətlərinin protokolları;
-
digər sənədlər.
Şantaj və təhdidlə bağlı işlərdə bu sübutların hər biri həlledici əhəmiyyət daşıyır və məsuliyyətin yaranması konkret işin faktiki hallarından birbaşa asılıdır.
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

