Gürcüstan Daxili İşlər Nazirliyinin 2026-cı ilin birinci rübü üzrə açıqladığı statistikaya əsasən, bu ilin yanvar-mart aylarında Avropa İttifaqı (Aİ) ölkələrində qanunsuz yaşayan 692 Gürcüstan vətəndaşı ölkəyə geri qaytarılıb.
Gundelik.az xəbər verir ki, məlumata görə, ən çox deportasiya halı Almaniyada qeydə alınıb.
Belə ki, hesabat dövründə Almaniyadan 377 Gürcüstan vətəndaşı readmissiya proseduru çərçivəsində geri göndərilib. Siyahıda Fransadan 104, İtaliyadan isə 40 nəfər yer alıb.
Ən çox deportasiya olunan Gürcüstan vətəndaşlarının qeydə alındığı digər ölkələr isə Polşa, İsveçrə, Yunanıstan, İrlandiya, İspaniya, Hollandiya və Belçikadır.
Qeyd edək ki, Gürcüstan və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası ilə bağlı saziş 2011-ci il martın 1-də qüvvəyə minib. Sazişə əsasən, Aİ ölkələrində qanunsuz yaşayan Gürcüstan vətəndaşları geri qaytarılır. Sənəd, eyni zamanda, müəyyən şərtlər daxilində üçüncü ölkə vətəndaşlarının da Gürcüstana readmissiyasını nəzərdə tutur.
Readmissiya və tranzit prosedurları ilə bağlı nəqliyyat xərcləri isə son təyinat ölkəsinin sərhədinədək müraciət edən dövlət tərəfindən qarşılanır.
