ABŞ tariflərinə baxmayaraq ixrac bumu Çinin iqtisadi artım hədəfinə çatmasına imkan verdi
Çin bildirib ki, ötən il ölkə iqtisadiyyatı 5% artıb. Rekord səviyyədə ticarət profisiti Pekinə illik iqtisadi artım hədəfinə çatmağa kömək edib.
Lakin hökumət statistikası eyni zamanda göstərir ki, 2025-ci ilin son üç ayında iqtisadi artım əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5%-ə qədər yavaşlayıb.
Daxili istehlakı stimullaşdırmaqda çətinliklər, uzunmüddətli daşınmaz əmlak böhranı və ABŞ prezidenti Donald Trampın tarif siyasətinin yaratdığı qeyri-sabitliyə baxmayaraq, Pekin 2025-ci il üçün “təxminən 5%” iqtisadi artım hədəfi müəyyən etmişdi.
Rəsmi rəqəmlərə görə bu hədəfə nail olunsa da, bəzi analitiklər məlumatların etibarlılığına şübhə ilə yanaşır.
Capital Economics şirkətinin Çin üzrə iqtisadçısı Ziçun Xuanq bildirib ki, rəsmi ÜDM göstəricisi hökumətin hədəfinə uyğun gəlsə də, real artım rəsmi rəqəmlərin göstərdiyindən daha zəifdir.
Onun sözlərinə görə, şirkətin hesablamaları Çinin rəsmi iqtisadi artım tempinin ən azı 1,5 faiz bəndi şişirdildiyini göstərir.
Bazar ertəsi açıqlanan digər rəsmi məlumatlara əsasən, Çində ötən il 1949-cu ildən bəri ən az sayda doğum qeydə alınıb.
Milli Statistika Bürosunun məlumatına görə, 2025-ci ildə doğulan uşaqların sayı 7,9 milyon olub.
Rəsmilər bildiriblər ki, ölkə əhalisi ardıcıl dördüncü il azalıb və 2025-ci ildə 3,4 milyon nəfər azalaraq 1,4 milyarda düşüb.
Bu göstəricilər hökumətin doğum səviyyəsini artırmaq üçün təşviq tədbirləri görməsinə baxmayaraq, Çində demoqrafik böhranın dərinləşdiyini göstərir.
Çin ötən həftə dünyada indiyədək qeydə alınmış ən böyük ticarət profisitini açıqlayıb. İxracın idxalı üstələməsi 1,19 trilyon dollar (890 milyard funt sterlinq) təşkil edib. Artım əsasən ABŞ-dən kənar bazarlara ixracın artması hesabına baş verib.
Milli Statistika Bürosunun rəhbəri Kanq Yi bildirib ki, Çin iqtisadiyyatı “güclü təklif və zəif tələbat” kimi problemlərlə üzləşir, lakin buna baxmayaraq, bu il sabit və davamlı artımı qoruyub saxlamaq mümkün olacaq.
Lakin qarşıdakı dövrdə Çinin ixracdan asılılığı ciddi sınaqla üzləşə bilər. Tramp administrasiyası tarifləri əsas iqtisadi alət kimi istifadə etməyə davam edir və ABŞ prezidenti İranla ticarət edən və ya Qrenlandiya ilə bağlı planlarına qarşı çıxan ölkələrə yeni rüsumlar tətbiq edilə biləcəyini bildirib.
Pekinlə Vaşinqton arasında tariflərin müvəqqəti dayandırılması ABŞ rüsumlarının gözləniləndən aşağı qalmasına və Çinin iqtisadi dayanıqlığını qorumasına kömək edib.
Bununla yanaşı, Çin daxili iqtisadiyyatda ciddi problemlərlə üzləşməkdə davam edir. Uzanan daşınmaz əmlak böhranı və artan yerli hökumət borcları biznesin investisiyalara marağını azaldır, istehlakçıları isə xərcləməkdə ehtiyatlı edir.
Yeni məlumatlara görə, dekabr ayında mənzil qiymətləri illik müqayisədə 2,7% azalıb ki, bu da son beş ayın ən kəskin enişidir. Daşınmaz əmlaka investisiyalar isə ötən il 17,2% geriləyib.
Oxford Economics şirkətinin Asiya üzrə baş iqtisadçısı Luiz Lu bildirib ki, ÜDM-in 5% artımı siyasi motivlər baxımından gözlənilən olsa da, bu göstərici investisiya sahəsindəki ciddi problemləri gizlədir.
Dekabr ayında pərakəndə satışlar cəmi 0,9% artaraq son üç ilin ən zəif göstəricisini qeydə alıb. Eyni zamanda sənaye istehsalı illik müqayisədə 5,2% artaraq noyabr ayındakı 4,8%-lik artımı üstələyib.
Çin rəhbərliyi bu il daxili istehlakı artırmaq və iqtisadiyyatı ixrac və investisiyalardan asılılıqdan uzaqlaşdırmaq məqsədilə daha fəal fiskal siyasət aparacağını bildirib.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

