İyul 13, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ İrana növbəti zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi zərbələrə başladığını açıqlayıb.

CENTCOM sosial media hesabında yaydığı məlumatda bildirib ki, əməliyyatlar ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:00-da başlayıb.

Açıqlamada qeyd olunub ki, hücumların məqsədi İranın Hörmüz boğazından sərbəst keçən mülki və ticarət gəmilərinə hücum etmək imkanlarını daha da zəiflətməkdir.

CENTCOM vurğulayıb ki, bu əməliyyatların keçirilməsi barədə göstəriş ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib və məqsəd İran qüvvələrini məsuliyyətə cəlb etməkdir.

ABŞ daha əvvəl həyata keçirdiyi zərbələr zamanı quru və dəniz bazalı döyüş təyyarələri, pilotsuz uçuş aparatları (PUA) və hərbi gəmilərdən buraxılan yüksək dəqiqlikli sursatlarla İrana məxsus təxminən 140 hərbi hədəfin məhv edildiyini bildirmişdi.

İran mediası: Bir neçə şəhərdə və Keşm adasında partlayış səsləri eşidilib

ABŞ-ın yeni hücumlara başladığını elan etməsindən sonra İranın Bəndər-Abbas, Sirik və Cask şəhərlərində, eləcə də Keşm adasında yeni partlayış səslərinin eşidildiyi bildirilib.

İran mətbuatının yaydığı xəbərlərə görə, ölkənin cənub bölgələrində ardıcıl partlayışlar baş verib. Sirik və Bəndər-Abbas şəhərlərində ümumilikdə 10 partlayışın qeydə alındığı qeyd olunub.

Yarımrəsmi Mehr Xəbər Agentliyi isə Buşehr əyalətində də partlayış səslərinin eşidildiyini açıqlayıb.

Hörmüzqan əyalətinin rəhbərliyi indiyədək həyata keçirilən hücumlar nəticəsində hər hansı insan tələfatının qeydə alınmadığını bildirib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az