İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ, İran neftinin satışına verilmiş müvəqqəti icazənin uzadılmayacağını açıqlayıb

ABŞ Maliyyə Nazirliyi dənizdə gözləyən İran neftinin satışına imkan verən müvəqqəti lisenziyanın müddəti bitdikdən sonra yenilənməyəcəyini bildirib. Bununla bağlı nazirliyin rəsmi sosial media hesabında paylaşım edilib.

Paylaşımda vurğulanıb ki, nazirlik “iqtisadi təzyiq” siyasəti çərçivəsində qəti addımlar ataraq İrana qarşı maksimum təzyiqi davam etdirir.

Həmçinin qeyd olunub ki, nazirlik bütün mövcud vasitə və səlahiyyətlərindən istifadə edir və İranın fəaliyyətlərini dəstəkləyən xarici maliyyə qurumlarına qarşı əlavə (ikinci dərəcəli) sanksiyalar tətbiq etməyə hazırdır. Bildirilib ki, dənizdə saxlanılan İran neftinin satışına imkan verən qısamüddətli lisenziya bir neçə gün ərzində başa çatacaq və yenilənməyəcək.

Nazirliyin daha əvvəl yaydığı lisenziyaya əsasən, 20 mart saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran mənşəli xam neft və neft məhsullarının satışı, çatdırılması və boşaldılması əməliyyatlarına müvəqqəti icazə verilmişdi.

Bu icazənin 19 aprel saat 00:01-dək qüvvədə olacağı bildirilmişdi.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az