ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Brad Cooper Senatın Silahlı Xidmətlər Komitəsində keçirilən iclasda bildirib ki, ABŞ və İsrailin İranın hərbi obyektlərinə endirdiyi hava zərbələri nəticəsində Tehranın hərbi imkanları ciddi şəkildə zəifləyib. Lakin buna baxmayaraq, İran Hörmüz boğazı üzərində nəzarəti saxlamaqda davam edir.
Cooper qeyd edib ki, ABŞ və İsrail tərəfindən İranın silah istehsalı obyektlərinə 1450-dən çox hücum həyata keçirilib və bu zərbələr nəticəsində İranın ballistik raket, pilotsuz uçuş aparatları (PUA) və dəniz sənayesi infrastrukturunun 85 faizdən çoxu zədələnib və ya məhv edilib.
Onun sözlərinə görə, İran donanmasının yenidən qurulması “bir nəsil” vaxt apara bilər, dron və raket istehsalının bərpası isə illərlə davam edəcək.
Bununla belə, Cooper vurğulayıb ki, İranın Hörmüz Boğazı üzərindən ticarəti tam dayandırmaq imkanları xeyli zəifləyib, amma Tehran hələ də bölgədə təsir gücünü saxlayır və bu təhdidlər qlobal ticarət və sığorta sektorunda ciddi narahatlıq yaradır.
ABŞ tərəfi iddia edir ki, İranın 8 min dəniz minasının 90 faizdən çoxu məhv edilib və boğazda yerləşdirilməsi əngəllənib, lakin İran hələ də bəzi təhlükə yarada biləcək imkanlara malikdir.
Cooper həmçinin bildirib ki, ABŞ Hörmüz Boğazını hərbi yolla yenidən açmaq imkanına malikdir, lakin bu qərar siyasi rəhbərliyə aiddir.
İclasda həmçinin qeyd olunub ki, ABŞ və İran arasında gərginliyə baxmayaraq, 7 aprel atəşkəsi hələ də qüvvədədir.
Digər senatorlar Çin və Rusiyanın İrana dəstək verib-verməməsi və müharibənin hüquqi əsasları ilə bağlı suallar qaldırıblar. ABŞ Müdafiə Nazirliyinə görə isə müharibənin ümumi xərci 25 milyard dollardan 29 milyard dollara yüksəlib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

