Gundelik.az Dünya ABŞ-da orta hesabla benzin qiyməti 2022-ci ildən bəri ilk dəfə 4 dolları keçib
Dünya Xəbərlər

ABŞ-da orta hesabla benzin qiyməti 2022-ci ildən bəri ilk dəfə 4 dolları keçib

Yaxın Şərqdəki münaqişələr neft qiymətlərinin kəskin artmasına səbəb olarkən, ABŞ-da benzinin orta qiyməti 2022-ci ildən bəri ilk dəfə olaraq bir qallon üçün 4 dollar səviyyəsini ötüb.

ABŞ-da orta benzin qiyməti 2022-ci ildən bəri ilk dəfə 4 dolların üzərinə çıxıb.

Amerikan Otomobil Birliği (AAA) məlumatlarına görə, dünən 3,99 dollar olan benzinin orta qallon qiyməti bu gün təxminən 4,02 dollar olub.

Beləliklə, ABŞ-da benzinin orta qallon qiyməti 2022-ci ilin avqustundan bəri ilk dəfə 4 dolları keçib.

Ölkədə benzin qiymətləri əvvəlki həftə ilə müqayisədə 1% artıb, ötən ayla müqayisədə isə təxminən 35% yüksəlib.

ABŞ-da benzin qiymətlərinin illik artımı da təxminən 27% olaraq hesablanıb.

Təchizat vəziyyəti və tətbiq olunan vergi dərəcələrinə görə ştatlar arasında fərqlənən benzin qiymətləri Kaliforniyada bir qallon üçün təxminən 5,89 dollara çatıb.

Bu ştatı 5,45 dollar ilə Havay, 5,35 dollar ilə Vaşinqton və 4,93 dollar ilə Oreqon və Nevada izləyib.

Ölkənin 12 ştatında və paytaxt Vaşinqton DC-də benzinin orta qiyməti 4 dolların üzərində qeydə alınıb.

ABŞ-da dizelin orta qallon qiyməti də bir ay öncə ilə müqayisədə 45% artaraq 5,45 dollara yüksəlib.

Yanacaq qiymətlərindəki artımda Yaxın Şərqdəki gərginliyin yaratdığı təchizat zənciri problemləri və istehsalın azalması nəticəsində qlobal neft qiymətlərinin kəskin bahalaşması əsas rol oynayıb.

ABŞ-da benzinin orta qallon qiyməti 2022-ci ilin iyun ayında təxminən 5,02 dollarla rekord səviyyəyə çatmışdı.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version