ABŞ-da körpə ölüm göstəriciləri 2025-ci ildə bütün dövrlərin ən aşağı səviyyəsinə enib. Bu nəticə tibb sahəsindəki yeniliklər və profilaktik səhiyyə tədbirləri sayəsində əldə olunub.
ABŞ-ın CDC tərəfindən yayımlanan ilkin məlumatlara görə, ölkədə körpə ölümlərinin sayı statistik baxımdan əhəmiyyətli dərəcədə azalıb.
Rəsmi statistikaya əsasən, 2025-ci ildə hər 1000 diri doğulan körpəyə düşən ölüm nisbəti 5,4-dən aşağı enib. Mütəxəssislər bildirirlər ki, kiçik görünən bu azalma hər il yüzlərlə körpənin həyatının xilas olması deməkdir.
Ötən il ümumilikdə təxminən 19 min 350 körpə ölümü qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq azalma hesab olunur.
Maarifləndirmə və yeni müalicələr mühüm rol oynayıb
Ekspertlərin fikrincə, bu müsbət nəticənin əsas səbəblərindən biri tənəffüs yolu infeksiyalarına qarşı tətbiq edilən yeni tədbirlərdir.
Xüsusilə 2023-cü ildən istifadəyə verilən laboratoriyada hazırlanmış antikor müalicələri və hamiləliyin son mərhələsində analara vurulan RSV peyvəndləri körpələrin immun sisteminin qorunmasına ciddi töhfə verib.
Bundan əlavə, ani körpə ölümü sindromunun qarşısının alınması məqsədilə valideynlərə verilən təhlükəsiz yuxu ilə bağlı təlimlərin də ölüm hallarının azalmasına müsbət təsir göstərdiyi vurğulanır.
İnkişaf etmiş ölkələrlə müqayisədə fərq qalır
Tarixi azalmaya baxmayaraq, ABŞ körpə ölüm göstəricilərinə görə hələ də bir sıra inkişaf etmiş ölkələrdən geri qalır.
Araşdırmalar göstərir ki, ABŞ-da körpə ölüm nisbəti İtaliya, Yaponiya, İspaniya və İsveç kimi ölkələrlə müqayisədə təxminən iki dəfə yüksəkdir.
Mütəxəssislər bunu əsasən sosial-iqtisadi bərabərsizliklər, hamiləlikdən əvvəl və hamiləlik dövründə tibbi xidmətlərə çıxışın məhdudluğu, eləcə də ştatlar arasında səhiyyə siyasətlərindəki fərqlərlə əlaqələndirirlər.
Etnik və regional fərqlər davam edir
CDC-nin təhlilləri göstərir ki, ümumi yaxşılaşmaya baxmayaraq, ölkədə struktur problemlər qalmaqdadır.
Məlumatlara görə, qaradərili anaların körpələrində ölüm nisbəti ağdərili, ispan mənşəli və asiyalı anaların körpələri ilə müqayisədə iki dəfədən çoxdur.
Ştatlar üzrə fərqlər də diqqət çəkir. Mississippi hər 1000 doğuşa 9,65 ölüm göstəricisi ilə ən yüksək nisbətə malikdir. Əksinə, New Hampshire hər 1000 doğuşa 3-dən az ölüm göstəricisi ilə ən təhlükəsiz bölgələrdən biri hesab olunur.
Mütəxəssislər bildirirlər ki, bu kəskin fərqlər səhiyyə xidmətlərinə çıxış imkanları və yerli idarəetmə orqanlarının səhiyyə siyasətləri ilə birbaşa bağlıdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

