ABŞ-də ölüm hökmünə məhkum edilmiş və ölümcül inyeksiya prosedurundan sağ çıxmış Krista Geyl Payk xəstəxanadan evə deyil, yenidən həbsxanaya köçürülüb.
Gundelik.az xəbər verir ki, bu barədə ABC News onun vəkillərinə istinadən məlumat yayıb.
Vəkillərin bəyanatında bildirilib: “O, bu qeyri-adi şəraitdə göstərdikləri yardıma görə təcili tibbi yardım əməkdaşlarına və tibbi heyətə minnətdardır”.
Tennessi ştatının müvafiq qurumları qadının həbsxanada da tibbi yardım almağa davam edəcəyini açıqlayıblar.
Hadisə ABŞ-nin Tennessi ştatında baş verib. Burada 1995-ci ildə törədilmiş qətlə görə ölüm hökmünə məhkum edilən 50 yaşlı Krista Geyl Paykın edamı baş tutmayıb.
Məlumata görə, qadına pentobarbital preparatının ikinci dozası vurulduqdan sonra nəfəs almaqda çətinlik yaranıb və o, xoruldayan səslər çıxarmağa başlayıb. Buna baxmayaraq, Payk sağ qalıb.
Tennessi ştatının qubernatoru Bill Li hadisəni presedenti olmayan hal adlandırıb. O, baş verənlərin müstəqil şəkildə araşdırılması barədə göstəriş verib və ilin sonunadək ştatda nəzərdə tutulan digər edamları dayandırıb.
Nuri
Gundelik.az

