Oktyabr 13, 2026
Baku
Dünya Maraqlı Xəbərlər

İtaliyada rekord oğurluq: Şərab zavodundan 5 milyon avroluq məhsul aparıldı

İtaliyanın Toskana bölgəsində yerləşən tarixi şərab zavodundan təxminən 30 min şüşə şərab oğurlanıb.

Gundelik.az xəbər verir ki, CNN-in məlumatına görə, oğurlanan məhsulun ümumi dəyəri 5 milyon avro civarındadır.

Hadisənin ölkə tarixində ən böyük şərab oğurluğu olduğu bildirilir.

Oğurluq oktyabrın 3-nə keçən gecə Aretsso əyalətinin Kortona şəhəri yaxınlığında yerləşən Marchesi Antinori şərab zavodunda baş verib.

Ən azı yeddi nəfərdən ibarət maskalı dəstə əvvəlcə siqnalizasiya sistemini və müşahidə kameralarını sıradan çıxarıb, daha sonra anbara daxil olub. Cinayətkarlar zavodun özünə məxsus yükləyici texnikadan istifadə edərək şərabları iki böyük yük maşınına yığıb və ərazidən uzaqlaşıblar.

Hadisə yalnız oktyabrın 5-i, bazar ertəsi səhər işçilər zavoda gəldikdə aşkarlanıb. Şirkət istintaqa mane olmamaq üçün hadisə barədə məlumatı cümə gününə qədər açıqlamayıb.

Oğurlanan şərablar arasında məşhur markalar da var

Marchesi Antinori şirkətinin baş direktoru Renzo Kotarellanın sözlərinə görə, oğurlanan məhsulun ümumi dəyəri təxminən 5 milyon avrodur.

Oğurlanan şərablar arasında 2023-cü ilin məhsulu olan Solaia, Tignanello və Guado al Tasso markaları da var. Bu şərabların pərakəndə satış qiyməti adətən bir şüşə üçün 150–500 avro arasında dəyişir.

Xüsusilə şirkətin ən məşhur məhsullarından biri sayılan Solaia markasının təxminən 10 min şüşəsinin oğurlanması diqqət çəkir. Kotarellanın sözlərinə görə, həmin şərabın istehsal olunduğu il məhsulun keyfiyyəti baxımından xüsusilə uğurlu olub.

“Bu, şübhəsiz ki, çox yaxşı hazırlanmış bir dəstədir”, – deyə şirkətin baş direktoru bildirib. O, son aylarda İtaliyanın digər şərab zavodlarına edilən hücumların da eyni qrup tərəfindən törədilə biləcəyini istisna etməyib.

1385-ci ildə əsası qoyulan və artıq 26 nəsildir Antinori ailəsi tərəfindən idarə olunan şirkət dünyanın müxtəlif ölkələrindəki müştərilərinə xəbərdarlıq edib. Alıcılara şərabların yalnız rəsmi satış kanallarından əldə olunması tövsiyə edilib.

Polis oğurlanan şərabların izinə düşməyə çalışır

İtaliya polisi və karabinyerlər müşahidə kameralarının görüntülərini və digər sübutları araşdırırlar.

Renzo Kotarella oğurlanan məhsulun tapılacağına ümid etdiyini bildirib.

“İki yük maşını dolusu məhsul elə-belə havaya sovrula bilməz. Toskananın yollarında çoxlu müşahidə kameraları var. Bəlkə də bir az şansın köməyi ilə şüşələrin heç olmasa bir hissəsini geri qaytara bilərik”, – deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ-də Böyük Britaniya vətəndaşı olan bir qadının əlbir olduğu şəxslə birlikdə 41,5 min dollar (təxminən 3,3 milyon rubl) dəyərində kolleksiya fransız şərablarını oğurladığına görə həbs edildiyi bildirilmişdi. Qadın restoran əməkdaşlarının köməyi ilə saxlanılmışdı.

Nuri
Gundelik.az