Böyük Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu şahzadə Harri Kanadaya köçdükdən sonra depressiya yaşadığını və gündəlik həyatını davam etdirməkdə çətinlik çəkdiyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
42 yaşlı Harri təhsil platforması MasterClass üçün hazırlanan yeni videoda kral ailəsindəki rəsmi vəzifələrindən imtina etdikdən və həyat yoldaşı Meqan Marklla bağlı qalmaqalların ardından özünü faydasız hiss etməyə başladığını bildirib.
Onun sözlərinə görə, həmin dövrdə cütlüyün bir qədər dincəlmək və düşünmək üçün köçdüyü Kanadada əvvəllər heç vaxt yaşamadığı bir vəziyyətlə üzləşib. Harri bunu “adrenalin çöküşü” kimi təsvir edib.
“Evdə heç bir işə yaramırdım. Təxminən iki həftə depressiyada oldum və adrenalin olmadan fəaliyyət göstərə bilmədiyimi hiss edirdim”, – deyə şahzadə bildirib.
“Anamın itkisi ilə bağlı hisslərimi yaşamağa imkanım yox idi”
Harri kral ailəsindəki həyatının anası, şahzadə Diananın ölümündən sonra yaşadığı kədəri tam şəkildə ifadə etməsinə mane olduğunu da söyləyib.
O bildirir ki, rəsmi tədbirlərdə iştirak etmək onda panik ataklara səbəb olurdu. Tədbirlərə hazırlaşarkən köynək və qalstuk geyinməsi belə boğulma hissi yaradırdı.
“Düşünə bilərsiniz ki, mən dünyanın ən yaxşı yardımını almışam. Axı mən şahzadəyəm. Amma yenə də yas içində idim və hisslərimi yönəldə biləcəyim bir yer yox idi”, – deyə Harri qeyd edib.
Şahzadə anasının ölümündən sonra təxminən 20 il ağlamadığını, yalnız terapiyanın ona bu itki ilə barışmağa kömək etdiyini bildirib.
O, terapevtinin məsləhəti ilə anası Diananın istifadə etdiyi ətri tapdığını da danışıb. Harrinin sözlərinə görə, həmin qoxu uzun müddət içində saxladığı hissləri üzə çıxarıb.
“Bu, sanki başqa bir zamana qayıtmaq kimi idi”, – deyə o əlavə edib.
Ailəsindən uzaqda 10 gündən çox qalmamağa çalışır
Şahzadə Harri hazırda ailəsi ilə münasibətlərində “10 günlük qayda”ya əməl etdiyini də açıqlayıb.
“Tarazlığı qorumağın əsas yolu həyat yoldaşından və uşaqlarından 10 gündən çox uzaqda qalmamaqdır”, – deyə o bildirib.
Xatırladaq ki, şahzadə Uilyam və şahzadə Harri daha əvvəl əmiləri Çarlz Spenserin anaları, şahzadə Diana haqqında xatirələr kitabının nəşri ilə bağlı sualları cavablandırmaqdan imtina etmişdilər.
Sentyabrın 21-də Londondakı Royal Lancaster hotelində keçirilən WellChild Awards mərasiminə qatılan şahzadə Harridən jurnalistlər son vaxtlar kitabın müəllifi Çarlz Spenserlə danışıb-danışmadığını soruşublar. Harri isə sualı cavablandırmadan jurnalistin yanından keçib.
Nuri
Gundelik.az
