ABŞ-də bir balıqçı yay mövsümündə arzuolunmaz hesab edilən 13 min ədəd balıq tutaraq hökumətdən 133 min dollar (təxminən 11,3 milyon rubl) mükafat alıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Wired2Fish” nəşri məlumat yayıb.
Adının açıqlanmasını istəməyən balıqçı ABŞ-ın şimal-qərbində yerləşən Kolumbiya və Sneyk çaylarında balıq ovu ilə məşğul olub. O, “Northern Pikeminnow Sport-Reward Program” adlı xüsusi proqramda iştirak edib. Bu proqram çərçivəsində balıqçılara müəyyən növ balıqların ovlanmasına görə pul mükafatı verilir.
Proqramın şərtlərinə əsasən, tutulan ilk 25 balığın hər biri üçün 6 dollar (512 rubl), 26-cı balıqdan 200-cü balığadək hər biri üçün 8 dollar (680 rubl), sonrakı balıqların hər biri üçün isə 10 dollar (850 rubl) ödənilir.
Böyük məbləğdə mükafat qazanmasına baxmayaraq, balıqçı rekordçu ola bilməyib. Belə ki, 2024-cü ildə başqa bir balıqçı 16 mindən çox belə balıq tutaraq 164 min dollar (indiki məzənnə ilə təxminən 14 milyon rubl) qazanıb.
Sözügedən balıq növü bölgədə arzuolunmaz hesab olunur. Çünki o, qızılbalıqların və digər qiymətli balıq növlərinin körpələri ilə qidalanaraq onların sayının azalmasına səbəb olur.
1991-ci ildə başladılan proqram Vaşinqton və Oreqon ştatlarının hökumətləri tərəfindən dəstəklənir. Proqramın əsas məqsədi bu balıq növünü tamamilə məhv etmək deyil, onun sayını 20 faiz azaltmaqdır.
Qeyd edək ki, daha əvvəl ABŞ-da balıqçılar 506 kiloqram ağırlığında tuna balığı tutaraq Nyu-Hempşir ştatında yeni rekorda imza atıblar. Tuna ovu üzrə əvvəlki rekord 13 il ərzində dəyişməz qalmışdı.
Nuri
Gundelik.az
