Nuhun gəmisini axtaranlardan bir neçə suala cavab vermələri istənilib
Gundelik.az xəbər verir ki, “Antropogenez.ru” portalının baş redaktoru, elm təbliğatçısı Aleksandr Sokolov Türkiyədə Nuhun gəmisinin tapılması ilə bağlı iddialara şübhə ilə yanaşıb.
O, “Radio KP”nin efirində bildirib ki, gəmini axtaran şəxslərin mətbuata açıqlamalarından çox, araşdırmanın nəticələri ilə tanış olmaq istərdi.
Sentyabrın sonunda müstəqil tədqiqat təşkilatı Noah’s Ark Scansın üzvləri əfsanəvi gəminin yerini “100 faiz dəqiqliklə” təsdiqlədiklərini açıqlayıblar. Onların sözlərinə görə, nəhəng qayığa bənzəyən Dürüpınar qaya formasiyasının radar vasitəsilə skan edilməsi onun insan əli ilə yaradılmış obyekt olduğunu göstərib.
Tədqiqatçılar həmçinin iddia ediblər ki, formasiyanın daxilində çoxsaylı tunellər və kameralar, eləcə də üç hissəyə aydın şəkildə bölünən yeraltı təbəqə aşkarlanıb. İncildə Nuhun gəmisinin üç göyərtədən ibarət olduğu qeyd edilir.
Sokolov isə xatırladıb ki, formanı araşdıran mütəxəssislərin əksəriyyəti onun təbii geoloji quruluş olduğu qənaətindədir. “Fotolara baxanda görmək olur ki, yaxınlıqda buna bənzər başqa bir quruluş da var. Oxşar geoloji forma yenə belə dişli divarlar görünür. Bu, ilkin geoloji proseslərin nəticəsidir”, – deyə elm təbliğatçısı bildirib.
O, tədqiqatçıları min illər ərzində taxta gəminin səthdə və ya yerin altında hansı şəraitdə qorunub qala biləcəyinə dair suallara cavab verməyə çağırıb. Sokolovun fikrincə, formasiyanın altında həqiqətən nə olduğunu müəyyən etmək yalnız qazma işlərinin nəticələri əldə edildikdən və həmin nəticələr elmi şəkildə dərc olunduqdan sonra mümkün olacaq.
Avqustun sonunda tədqiqatçılar Dürüpınar formasiyasında anomaliyalar aşkar etdiklərini açıqlamışdılar. Onların sözlərinə görə, burada karbonun miqdarı xarici hissə ilə müqayisədə 40 faiz çoxdur. Tədqiqatçılar bunun üzvi maddələrin və ya ağac materialının mövcudluğuna işarə edə biləcəyini bildiriblər.
Formasiyanın uzunluğu təxminən 164 metrdir. Bu ölçü Əhdi-Ətiqdə Nuhun gəmisinin uzunluğu ilə bağlı təsvir edilən təxminən 300 qədim qulac ölçüsünə yaxın hesab olunur.
Nurəddin Abdullayev
Gundelik.az
