Sentyabr 18, 2026
Baku
Dünya Xəbərlər

Arxeoloqlar 1600 il əvvəl baş vermiş qətlin sirrini açdılar

Bolqarıstanda arxeoloqlar qalıqları böyük gil qabın içərisində tapılan qədim romalının ölümünün sirrini açmağa çalışıblar.

Gündəlik.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Tapıntı avqustun 10-da qədim Roma şəhəri Deultumun ərazisində aparılan qazıntılar zamanı aşkarlanıb. Bolqarıstan Elmlər Akademiyasının professoru Lyudmil Vaqalinski bildirib ki, skelet ərzaq, şərab və ya yağ saxlamaq üçün istifadə edilən pifos adlı böyük qabın içində olub.

Alimin sözlərinə görə, kişi qabın içində gizlənib və dizlərini çənəsinə sıxaraq üzüaşağı vəziyyətdə oturub. Onun sağ əlində dəmir bıçaq olub, daha kiçik başqa bir bıçaq isə üzərindəki halqadan asılıb. Tədqiqatçı onun döyüşçü olmadığını qeyd edib.

Təxminən 1600 illik qabın ətrafında kül, ərimiş şüşə və yanmış heyvan sümükləri də aşkarlanıb.

Tədqiqatçıların ehtimalına görə, gənc romalı german tayfalarının və ya hunların hücumundan gizlənmək üçün qabın içində sığınıb. Hücum edənlər şəhəri yandırıblar. Yanğın zamanı qabın içərisi tüstü ilə dolub və kişi oksigensiz qalaraq həyatını itirib.

Qab kiçik müdafiə qülləsinin yaxınlığında yerləşib. Düşmən hücumundan sonra qüllə dağıdılıb və ərazi torpaqla örtülüb. Nəticədə içərisində insan qalıqları olan qab təxminən 16 əsr ərzində torpağın altında qapalı vəziyyətdə qalıb.

Nurəddin Abdullayev
Gündəlik.az