Sentyabr 18, 2026
Baku
Siyasət Xəbərlər

Aqrar siyasət komitəsinin iclası keçirilib – FOTO

Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb, gündəliyə 6 məsələnin daxil edildiyini bildirib.

 

Bu barədə Gundelik.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Gündəliyin birinci məsələsi olan 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edən komitə sədri vurğulayıb ki, ötən dövr ölkənin həyatı əlamətdar hadisələrlə zəngin olub. Ölkə rəhbərinin müdrik siyasəti sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edib, dövlətimizin beynəlxalq aləmdə nüfuzu artıb, vətəndaşlarımızın rifah halının yaxşılaşmasına xidmət edən dövlət proqramları qəbul edilib. Qeyd olunub ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasında parlament də yaxından iştirak edir.

Məlumat verilib ki, ötən sessiyada komitənin 11 iclası keçirilib, 15 məsələyə baxılıb. Həmçinin hesabat dövrü ərzində komitədə ictimai dinləmələr, müzakirələr, görüşlər və digər tədbirlər keçirilib. Qeyd olunub ki, sözügedən dövr ərzində komitənin ünvanına 45 məktub, təklif, ərizə daxil olub, müraciətlərdəki məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara məktublar göndərilib, ərizələrin əksəriyyəti müsbət cavablandırılıb.

Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı bildirilib ki, planda qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, komitənin profilinə uyğun mövzularda dinləmələrin keçirilməsi və digər məsələlər əks olunub.

Sonra Mülki Məcəllədə, Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri bildirilib ki, layihə “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır və adıçəkilən qanunlarda “xüsusi” sözünün müvafiq yerlərdən çıxarılması təklif olunub.

Bildirilib ki, gündəliyin digər məsələsi olan Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsidir.

Gündəlikdəki digər 2 məsələ – “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi (birinci oxunuş) və Mülki Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova məlumat verib.

Nazir müavini deyib ki, Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihələri kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və istehsalçıların maliyyə vəsaitlərinə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanıb. O, layihələrin gətirdiyi əsas yenilikləri və üstünlükləri deputatların diqqətinə çatdırıb.

Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsi (birinci oxunuş) aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi qaydalarını, məhsul şəhadətnamələrindən istifadənin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Nazir müavininin sözlərinə görə, kənd təsərrüfatında ilk dəfə tətbiq olunan bu qiymətli kağız – məhsul şəhadətnaməsi fermerlərə istehsaldan əvvəl maliyyə vəsaiti əldə etmək, təchizatçılara və maliyyə institutlarına isə etibarlı, sürətli və az xərcli təminat mexanizmi təqdim edir. Məhsul şəhadətnaməsinin iki növü nəzərdə tutulur: maliyyə məhsul şəhadətnaməsi və əmtəə məhsul şəhadətnaməsi. Bunlardan biri dövrün sonunda məhsulun təqdim edilməsini, digəri isə borcun pul şəklində qaytarılmasını nəzərdə tutur.

Mülki Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də “Məhsul şəhadətnaməsi haqında” yeni qanun layihəsinə əsasən hazırlanıb. Belə ki, aqrar sektorda yeni maliyyə aləti kimi qanunvericiliyə daxil edilən məhsul şəhadətnaməsinin qiymətli kağız olaraq Mülki Məcəllədə normativ əsası formalaşdırılır.

“İcra haqqında” Qanunda da məhsul şəhadətnaməsi üzrə öhdəliyin çevik və operativ icraya yönəldilməsi mexanizmləri təsbit olunur.

Nazir müavini məhsul şəhadətnaməsinin tətbiqinin müsbət cəhətləri, onunla bağlı tələblər, dövriyyəsi qaydaları və digər aspektləri barədə məlumat verib, həmçinin deputatların dəyişikliklərlə bağlı qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.

Müzakirələr zamanı komitə sədrinin müavini Razi Nurullayev, üzvləri Eldar İbrahimov, Azər Badamov, Cavanşir Paşazadə, Vüqar İskəndərov, Novruzəli Aslanov, Malik Həsənov çıxış edərək məsələlərlə bağlı fikirlərini söyləyiblər, qeyd və təkliflərini səsləndiriblər.

İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab edilib, qarşıdakı sessiyası üçün iş planının layihəsi təsdiqlənib, qanun layihələri isə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və digər rəsmi şəxslər iştirak ediblər.