Sentyabr 15, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ertələmə xəstəlikdir, yoxsa sadəcə tənbəllik?

Görüləsi işləri təxirə salmaq demək olar ki, hər kəsin həyatında rast gəlinən davranışdır. Lakin bu hal davamlı xarakter aldıqda və insanın gündəlik həyatına, işinə, təhsilinə və münasibətlərinə təsir etdikdə artıq diqqət tələb edir. Bəs ertələmə sadəcə tənbəllikdir, yoxsa psixoloji problemin əlaməti ola bilər?

Psixiatriya mütəxəssisi Dr. Erman Şentürk bildirir ki, erteleme özlüyündə xəstəlik hesab edilmir. Lakin davranış davamlı xarakter aldıqda və insanın həyatının müxtəlif sahələrinə mənfi təsir göstərdikdə pozuntu səviyyəsinə çatır.

Ertələmə xəstəlikdir, yoxsa tənbəllik?

Ertələmə çox vaxt tənbəllik kimi qiymətləndirilir. Halbuki mütəxəssis bunun həmişə belə olmadığını vurğulayır.

Belə insanlar işi görməyə başlamazdan əvvəl başqa bir işlə məşğul ola, görülməli fəaliyyətdən şüurlu şəkildə qaça və işi mümkün qədər gecikdirə bilərlər. Bu davranışın arxasında müxtəlif psixoloji və davranış amilləri dayanır.

Niyə işlərimizi təxirə salırıq?

Mütəxəssisin sözlərinə görə, ertələmənin əsas səbəbləri arasında motivasiya çatışmazlığı və vaxtı düzgün idarə edə bilməmək dayanır.

Bundan başqa, mükəmməllikçilik də mühüm amillərdən biridir. İnsan işi istədiyi səviyyədə görə bilməyəcəyini düşündükdə, ümumiyyətlə başlamaqdan qaça bilər.

Uğursuzluq və işi başa çatdıra bilməmək qorxusu da erteleməyə səbəb ola bilər. “Onsuz da bacarmayacağam, niyə başlayım?” düşüncəsi insanın məsuliyyətlərini davamlı şəkildə təxirə salmasına gətirib çıxara bilər.

Şəxsin maraq və bacarıqlarına uyğun olmayan iş, ixtisas və ya təhsil seçimi də bu davranışı gücləndirir.

Bəzi hallarda isə ertələmə sadəcə vərdişə çevrilir. Xüsusilə son anda görülən işlərin əvvəllər uğurla başa çatdırılması insanda “son dəqiqədə də bacararam” düşüncəsi yaradır.

Ertələmə ilə necə mübarizə aparmaq olar?

İlk növbədə insan özündə belə bir problemin olduğunu qəbul etməli və erteleməyə səbəb olan amilləri müəyyənləşdirməlidir.

Mütəxəssislər görüləcək işləri kiçik hissələrə bölməyi və onları müəyyən edilmiş vaxt ərzində tamamlamağı tövsiyə edirlər. Bu zaman düzgün vaxt idarəetməsi mühüm rol oynayır.

Xüsusilə sosial media və internetdə məqsədsiz vaxt keçirmək erteleməni artıran amillərdən biridir. Buna görə diqqəti yayındıran amilləri mümkün qədər məhdudlaşdırmaq vacibdir.

Digər mühüm məqam isə mükəmməllik gözləntisindən uzaqlaşmaqdır. Hər işin ideal nəticələnməyəcəyini qəbul etmək və bəzən “kifayət qədər yaxşı” nəticə ilə kifayətlənmək erteleme davranışını azaltmağa kömək edir.

Nə zaman mütəxəssisə müraciət etmək lazımdır?

Erteleme gündəlik həyatdakı fəaliyyətə ciddi şəkildə mane olmağa başlayırsa, insanın işini, təhsilini və digər məsuliyyətlərini yerinə yetirməsinə əngəl yaradırsa, peşəkar dəstək almaq faydalıdır.

Çünki davranış artıq xroniki xarakter aldıqda insanın problemi təkbaşına idarə etməsi çətinləşir. Bu halda problemin səbəblərini müəyyənləşdirmək və uyğun müalicə və ya psixoloji dəstək almaq daha effektiv nəticə verir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az