Türkiyə Səhiyyə Nazirliyi yay tətilindən sonra uşaqların və yeniyetmələrin məktəb həyatına daha asan uyğunlaşması üçün valideynlərə bir sıra tövsiyələr verib.
Mütəxəssislər bildirirlər ki, tətil bitdikdən sonra yuxu rejiminə qayıtmaq, ekran vaxtını azaltmaq və dərs məsuliyyətlərinə uyğunlaşmaq uşaqlar üçün çətin olur. Bu dövrdə onların narahatlıqlarını anlamaq və yalnız akademik göstəricilərə deyil, psixoloji sağlamlıqlarına da diqqət yetirmək vacibdir.
Ekran istifadəsi tədricən azaldılmalıdır. Qaydalar ailə daxilində müəyyən edilməli, bütün məhdudiyyətlər eyni anda tətbiq edilməməlidir. Uşaqlar idman, musiqi, incəsənət və müxtəlif hobbilərə yönləndirilməlidir. Yemək zamanı ekranlardan istifadə edilməməsi, yatmazdan 30-60 dəqiqə əvvəl ekranın dayandırılması və telefonların yataq otağından çıxarılması tövsiyə olunur.
Xüsusilə məktəbəqədər və birinci sinif şagirdlərində ayrılıq narahatlığı yaranır. Valideynlər uşaqların hisslərini dinləməli, onları anlamalı və məktəb haqqında müsbət danışmalıdırlar. Məktəbdə oyunların oynandığı, yeni dostlar qazanmağın və müxtəlif fəaliyyətlərdə iştirak etməyin mümkün olduğu izah edilməlidir.
Həmçinin valideynlərin müəllim və məktəb rəhbərliyi ilə əməkdaşlıq etməsi, uşaqları digər şagirdlərlə müqayisə etməməsi və onların özünəinamına xələl gətirə biləcək ifadələrdən uzaq durması tövsiyə olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
