Sentyabr 9, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qəlb mütəxəssisindən diqqətçəkən xəbərdarlıq: “Möcüzəvi qida və ya qarışıq yoxdur”

Ürək-damar sağlamlığı ilə bağlı sirkə, sarımsaq, limonlu su və çörəkotu kimi məhsullar haqqında yayılan bəzi iddialara mütəxəssisdən xəbərdarlıq gəlib. Kardiologiya mütəxəssisi Dos. Dr. Çağlar Özmen bildirib ki, heç bir qida və ya qarışıq həkim tərəfindən təyin olunan müalicəni əvəz edə bilməz. “Bizim üçün möcüzəvi qida və möcüzəvi qarışıq yoxdur”, – deyə o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, sirkəli su, sarımsaq ekstraktı və limonlu suyun ürək damarlarındakı tıxanıqlığı açdığına dair elmi əsas yoxdur. Bu məhsullar yüksək xolesterin, qan təzyiqi və ya şəkərin müalicəsində həkim tərəfindən təyin olunan dərmanların əvəzi hesab edilə bilməz.

Sarımsaqla bağlı bəzi araşdırmaların aparıldığını qeyd edən Özmen bu məhsulların dərman deyil, qida əlavəsi kimi qiymətləndirilməli olduğunu bildirib. O, xüsusilə xroniki xəstəlikləri olan şəxslərin həkim nəzarəti olmadan dərmanlarını dayandırmasının ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıb.

Bal və bəkməzə də diqqət

Təbii məhsulların həddindən artıq istehlakı da risk yaradır. Xüsusilə diabeti və artıq çəkisi olan şəxslərin bal və bəkməzi damarları “açmaq” məqsədilə çox qəbul etməsi qan şəkərinin yüksəlməsinə və çəki artımına səbəb olur. Məhsulun təbii olması onun limitsiz istehlak edilə biləcəyi demək deyil.

Çörəkotunun xolesterini azaltdığı və damar tıxanıqlığını aradan qaldırdığı barədə iddiaların da elmi baxımdan doğru olmadığını bildirən mütəxəssis, “təbii” ifadəsinin insanlarda yanlış təhlükəsizlik hissi yarada biləcəyini deyib.

Mütəxəssisə görə, ürək-damar sağlamlığını qorumağın yolu tək bir qida və ya qarışığa güvənməkdən deyil, balanslı qidalanma, müntəzəm fiziki aktivlik, çəkiyə nəzarət və həkim tərəfindən təyin olunan müalicəyə düzgün əməl etməkdən keçir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az