Sentyabr 3, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

7 sualda insulin dirənci

İnsulin dirənci geniş yayılmış sağlamlıq problemlərindən biridir. Hərəkətsizlik, düzgün olmayan qidalanma və artıq çəki əsas risk faktorları arasında yer alır. Müalicə olunmadıqda isə 2-ci tip diabet, hipertoniya, ürək-damar xəstəlikləri və qaraciyər piylənməsi kimi problemlərə səbəb olur.

1. İnsulin dirənci nədir?

Qlükoza hüceyrələrin əsas enerji mənbəyidir. İnsulin isə qlükozanın hüceyrələrə daxil olaraq istifadə edilməsinə kömək edir. İnsulinin təsirinin azalması və qlükozanın hüceyrələr tərəfindən lazımi səviyyədə istifadə olunmaması insulin dirənci adlanır.

2. Səbəbləri nələrdir?

Piylənmə, hərəkətsiz həyat tərzi və balanssız qidalanma əsas səbəblərdir. Bundan başqa, gündəlik fiziki aktivliyin azalması, karbohidratlarla zəngin qidalanma, yaşın artması, siqaret, bəzi dərmanlar və hormonal pozğunluqlar da insulin dirəncinə yol açır. Genetik meyllilik də rol oynayır.

3. Hansı xəstəliklərə səbəb olur?

İnsulin dirənci olan insanlarda 2-ci tip diabet, yüksək təzyiq, xolesterinin artması, ürək-damar xəstəlikləri, yuxu apnesi, qaraciyər piylənməsi və Alzheimer xəstəliyinin yaranma riski artır.

4. Əlamətləri hansılardır?

İnsulin dirənci çox vaxt aydın simptomlarla özünü göstərmir. Qan şəkərinin, xolesterinin və təzyiqin yüksəlməsi kimi problemlər zamanı aşkarlanır.

5. Hansı hallarda insulin dirəncindən şübhələnmək olar?

Bel çevrəsinin qadınlarda 88, kişilərdə isə 102 santimetr və ya daha çox olması risk göstəricilərindən biridir. Boyun və dəri büküşlərində tünd rəngli ləkələrin yaranması, yüksək təzyiq, acqarına qan şəkərinin 100 mq/dl-dən yuxarı olması, yüksək triqliserid səviyyəsi və qadınlarda polikistik yumurtalıq sindromu da insulin dirəncini düşündürür.

6. Necə müalicə olunur?

Əsas yanaşma sağlam çəkiyə çatmaq və həyat tərzini dəyişməkdir. Düzgün qidalanma və fiziki aktivliyin artırılması insulin dirəncini azaltmağa və 2-ci tip diabetin qarşısını almağa kömək edir. Bəzi hallarda həkim nəzarəti ilə dərman müalicəsi də tətbiq olunur.

7. İnsulin dirəncini azaltmaq üçün nə etmək lazımdır?

Gündəlik fiziki aktivlik artırılmalıdır. Gündə ən azı 5 min, mümkün olduqda 10 min addım atmaq və ya həftədə ən azı 150 dəqiqə yerimək tövsiyə olunur.

Artıq çəkisi olan şəxslər üçün sağlam və tədricən çəki itirmək, qidada karbohidratların miqdarını azaltmaq, lifli məhsullara üstünlük vermək, şəkərli və qazlı içkiləri məhdudlaşdırmaq vacibdir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az