Avqust 31, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

B12 üçün ən təbii yol

B12 vitamini qan hüceyrələrinin yaranmasından sinir sisteminin sağlam fəaliyyətinə qədər orqanizmdə bir çox mühüm funksiyanı yerinə yetirir. Lakin kifayət qədər B12 vitamini olan qidalar qəbul edilsə belə, mədə və bağırsaqlarda yaranan sorulma problemləri səbəbindən çatışmazlıq meydana çıxır. Mütəxəssis qiymətləndirməsi olmadan yalnız qan analizindəki göstəriciyə əsaslanaraq B12-nin aşağı və ya yüksək olmasının səbəbini müəyyənləşdirmək isə düzgün yanaşma sayılmır.

Orqanizmin sağlam qan hüceyrələri istehsal etməsi və sinir sisteminin qorunması üçün B12 vitamininin kifayət qədər olması böyük əhəmiyyət daşıyır.

Qırmızı ət, qaraciyər, yumurta, süd və süd məhsulları B12 vitamini baxımından önə çıxır. Eyni zamanda mədə turşusu və zülal vitaminin sorulmasında mühüm rol oynayır.

B12 səviyyəsinin aşağı və ya gözləniləndən yüksək olması zamanı isə yalnız qidalanma deyil, istifadə olunan dərmanlar və həzm sistemi ilə bağlı amillər də nəzərə alınmalıdır.

Mütəxəssis dietoloq Selahattin Dönmez B12 vitamini ilə bağlı maraq doğuran məqamları açıqlayıb.

B12 vitamini orqanizm üçün niyə vacibdir?

Qan yaranması və sinir sisteminin fəaliyyəti üçün zəruri olan B12 vitamini bağırsaqlardakı bakteriyalar tərəfindən sintez olunan vitaminlərdən biridir.

B12 vitamini beyin hüceyrələrini oksidləşdirici stressdən qorumağa, sinir sisteminin normal fəaliyyətini dəstəkləməyə və idrak sağlamlığının qorunmasına kömək edir.

B12 vitamini qidadan yalnız mədədə xlorid turşusunun təsiri ilə ayrılır. Daha sonra mədədə istehsal olunan zülal vasitəsilə bağırsaqlara daşınır.

Qalxanabənzər vəzinin zəif işləməsi, mədə xəstəlikləri və stress mədə turşusunun istehsalını poza bildiyi üçün belə hallarda B12 çatışmazlığına daha çox rast gəlinir.

İnsulin müqavimətinin müalicəsində metformin istifadə edən şəxslərdə də B12-nin sorulması mənfi təsirlənir.

Əgər insan B12 əlavəsi qəbul etmədiyi halda qanda bu vitaminin səviyyəsi yüksəkdirsə, səbəblərdən biri nazik bağırsaqda bakteriyaların həddindən artıq çoxalması – SİBO olur. Bu vəziyyətdə bakteriyaların B12 istehsalını artırması mümkündür. Eyni zamanda həzm sistemi yavaşlayan və həzm problemi yaşayan insanlarda da əlavə qəbul etmədən qanda B12 səviyyəsi yüksək görünür.

B12-ni qidalarla artırmaq mümkündür

Qidalanma yolu ilə kifayət qədər zülal və heyvan mənşəli qidalar qəbul edildikdə, əlavə preparatlara ehtiyac olmadan B12 səviyyəsini təbii şəkildə artırmaq mümkün olur.

Yumurta, süd və süd məhsulları, qırmızı ət və qaraciyər B12 vitamininin gündəlik tələbatının qarşılanmasına kömək edən əsas qidalar arasında yer alır. Bitki mənşəli qidalarda isə təbii şəkildə B12 vitamini olmur.

B12 vitaminini qorumaq üçün bişirmə üsulu da önəmlidir

B12 vitamini əlavə olaraq qəbul ediləcəksə, hidroksikobalamin və ya metilkobalamin formalarına üstünlük verilməsinin faydalı olduğu bildirilir. Geniş istifadə olunan sintetik sianokobalamin formasının isə orqanizmdə hüceyrədaxili istifadəsi ilə bağlı bəzi məhdudiyyətlərin olduğu qeyd edilir.

Ətin qaynadılması zamanı bişirmə suyunun atılması və ətin uzun müddət yüksək temperaturda bişirilməsi B12 vitamininin azalmasına səbəb olur.

B12 vitaminindən daha yaxşı yararlanmaq üçün qaynadılmış yumurtaya üstünlük vermək, əti öz suyunda bişirmək, sobada bişirilən ətin suyunu atmamaq və qaynadılmış ətin suyunu şorbalara əlavə etmək tövsiyə olunur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az