Avqust 25, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dəri xərçənginə qarşı ümidverici inkişaf: Fərdi mRNA vaksini xəstəliyin təkrarlanması riskini azaldır

Dəri xərçənginin ən təhlükəli növlərindən biri olan melanomanın müalicəsində ümidverici nəticələr əldə edilib. Xəstənin şişindəki genetik xüsusiyyətlərə uyğun hazırlanan fərdiləşdirilmiş mRNA vaksininin xəstəliyin yenidən yaranmasını və digər orqanlara yayılmasını gecikdirə bildiyi açıqlanıb.

Moderna və Merck tərəfindən aparılan Faz 3 klinik sınaqda şişləri cərrahi yolla çıxarılmış 1 137 melanoma xəstəsi iştirak edib. Araşdırmada fərdi mRNA vaksini Keytruda adlı immunoterapiya dərmanı ilə birlikdə tətbiq olunub və müsbət nəticələr əldə edilib.

Vaksin hər xəstə üçün ayrıca hazırlanır. Əvvəlcə xəstənin şiş toxumasının genetik quruluşu analiz edilir, yalnız xərçəng hüceyrələrində olan mutasiyalar müəyyənləşdirilir. Daha sonra həmin mutasiyaları hədəf alan mRNA müalicəsi hazırlanır. Hazırlıq prosesinin təxminən 6 həftə çəkdiyi bildirilir.

Müalicənin məqsədi mövcud şişi kiçiltməkdən çox, əməliyyatdan sonra bədəndə qala biləcək xərçəng hüceyrələrinin yenidən çoxalmasının qarşısını almaqdır. Bununla belə, müalicənin xəstələrin ümumi ömrünü uzadıb-uzatmadığı hələ dəqiq məlum deyil.

Texnologiyanın ağciyər, böyrək və digər xərçəng növlərində də tətbiqi araşdırılır.

100 yaşdan yuxarı insanlarda fərqli immun cavab

Digər araşdırmada isə 100 yaşdan yuxarı insanlarda immun sisteminin diqqətçəkən xüsusiyyəti müəyyən edilib. Yaponiyada 28 nəfərin qan nümunələri araşdırılıb.

70–90 yaş arasında öldürücü T hüceyrələrinin nisbəti orta hesabla 4 faiz, 100 yaşlılarda 9,6 faiz, 110 yaşdan yuxarı “super əsrliklərdə” isə 17,6 faiz olub.

Alimlər bu nəticələrin yaşlı insanlarda immun sisteminin xərçəng və infeksiyalarla mübarizə mexanizmlərinin daha yaxşı anlaşılmasına kömək edə biləcəyini bildirirlər.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az