Avqust 7, 2026
Baku
Dünya Xəbərlər

Brent neftinin bir bareli 83,10 dollardan satılır

Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 83,10 ABŞ dollarından satılır.

Dünən 83,77 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçersləri üzrə bir barelin qiyməti günü 82,49 dollar səviyyəsində başa vurub.

Bu gün saat 09:30-a olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti bağlanış göstəricisi ilə müqayisədə 0,74 faiz artaraq 83,10 dollara yüksəlib.

Eyni vaxtda, WTI (Qərbi Texas) markalı xam neftin sentyabr fyuçersləri üzrə bir barelinin qiyməti 77,60 dollar olub.

Neft qiymətlərinin bahalaşmasına Hörmüz boğazında gəmi hərəkətinin tam normallaşması ilə bağlı qeyri-müəyyənliyin Yaxın Şərqdə tədarük narahatlıqlarını artırması təsir edib.

ABŞ rəsmilərinin Yaxın Şərqdə gərginliyi azaldacaq razılaşmanın əldə olunacağına dair açıqlamalarına baxmayaraq, həftənin sonuna qədər bu istiqamətdə konkret irəliləyişin olmaması investorların mümkün yeni hücumlarla bağlı narahatlığını artırıb.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla davam edən danışıqlar müsbət gedir və yaxın vaxtlarda razılaşma əldə oluna bilər.

“Müharibə başa çatan kimi benzinin qiyməti aşağı düşəcək. Məncə, bu, çox yaxında baş verəcək. İranın daha çox tab gətirə biləcəyini düşünmürəm”, – deyə Tramp qeyd edib.

O əlavə edib ki, danışıqları yaxından izləyir və prosesdə şəxsən iştirak edir. Razılaşmanın nə vaxt imzalanacağı ilə bağlı suala cavab olaraq isə bildirib:

“Düşünürəm ki, işlər çox yaxşı gedir. Razılaşma yaxın vaxtlarda əldə oluna bilər.”

Tramp həmçinin bildirib ki, İranla Hörmüz boğazı məsələsində hələ tam razılıq əldə olunmasa da, danışıqlar davam edir.

O, boğazın ABŞ tərəfindən nəzarətdə saxlanıldığını iddia etsə də, İranın boğazdan keçən gəmilərə atəş aça və ya dəniz minalarının tankerlərə zərər verə biləcəyini söyləyib.

Bununla yanaşı, İran parlamentində fəaliyyət göstərən komitələrdən birinin ABŞ, İsrail və digər “düşmən” ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidini məhdudlaşdıracaq qanun layihəsini müzakirə etməsi ilə bağlı xəbərlər də neft qiymətlərinin yüksəlməsinə səbəb olub.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə Omanla aparılan danışıqlar nəticəsində Hörmüz boğazı ilə bağlı razılaşmanın yekun mərhələyə yaxınlaşdığını açıqlayıb.

Onun sözlərinə görə, bu razılaşma Hörmüz boğazının tam açılması demək deyil.

“Hörmüz boğazından keçəcək yeni marşrut müvəqqətidir və 2–4 ay, hətta daha uzun müddət qüvvədə qala bilər. Omanla razılaşmadan sonra ikinci mərhələyə keçmək üçün yeni qərarın qəbul edilməsi lazım olacaq”, – deyə Qəribabadi bildirib.

Texniki təhlillərə görə, Brent nefti üçün 83,48 dollar müqavimət, 82,26 dollar isə dəstək səviyyəsi kimi qiymətləndirilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az