Amerika Ürək Assosiasiyasının (AHA) dərc etdiyi yeni elmi hesabata görə, gündə beş fincana qədər filtrdən keçirilmiş qəhvə içmək insult, 2-ci tip diabet və ürək çatışmazlığı riskini azaldır. Lakin mütəxəssislər bildirirlər ki, qəhvənin hazırlanma üsulu və istehlak edilən məhsulun növü bu müsbət təsirlərin yaranmasında həlledici rol oynayır.
İllərdir kafein və ürək sağlamlığı ilə bağlı ziddiyyətli fikirlərin mövcud olduğu bir vaxtda yayımlanan geniş araşdırma bu mövzuya daha çox aydınlıq gətirib.
Araşdırmanın nəticələrinə əsasən, müntəzəm və ölçülü qəhvə istehlakı hətta ürək ritm pozğunluğuna görə müalicə almış insanlarda belə xəstəliyin yenidən yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda, qəhvə içmək 2-ci tip diabetin inkişaf riskinin də azalması ilə əlaqələndirilib.
Kağız filtrdən keçirilmiş və hazır qəhvə daha faydalıdır
Tədqiqatçılar vurğulayırlar ki, ürək sağlamlığı üçün faydalı təsirlər əsasən kağız filtrdən keçirilərək dəmlənən və ya hazır qəhvələrdə müşahidə olunur.
Əksinə, fransız presi, espresso və türk qəhvəsi kimi süzülmədən hazırlanan qəhvələrdə qəhvə dənələrinin tərkibində olan kafestol maddəsi qorunub saxlanılır. Bu maddə isə zamanla “pis” xolesterinin (LDL) səviyyəsini artıraraq damarların tutulması riskini yüksəldir. Buna görə də qəhvənin hazırlanma üsulu onun faydalı və ya zərərli təsir göstərməsində mühüm rol oynayır.
Enerji içkiləri təhlükə yaradır
Mütəxəssislər bildirirlər ki, təbii qəhvənin faydaları enerji içkilərinə, yüksək dozalı kafein həblərinə və “shot” məhsullarına aid deyil.
Bu məhsullar hətta sağlam insanlarda belə qan təzyiqinin kəskin yüksəlməsinə, ürək ritm pozğunluqlarına, ağır hallarda isə ürəyin dayanmasına səbəb olur.
Kafeinə həssaslıq hər insanda fərqlidir
Kafeinin orqanizmdə təsiri hər kəsdə eyni olmur. Qaraciyərdə fəaliyyət göstərən fermentlərin genetik xüsusiyyətləri kafeinin nə qədər sürətlə parçalandığını müəyyən edir.
Bəzi insanlar gündə beş fincana qədər qəhvəni heç bir problem olmadan qəbul edə bildiyi halda, digərlərində daha az miqdar belə yuxusuzluq, əsəbilik və qan təzyiqində dəyişikliklər yaradır.
Mütəxəssislər xüsusilə ürək-damar xəstəliyi və ya digər xroniki xəstəlikləri olan şəxslərə gündəlik kafein qəbulunun miqdarını həkimlə məsləhətləşərək müəyyən etməyi tövsiyə edirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
