İyul 16, 2026
Baku
Dünya Xəbərlər

Yaponiyada ikinci paytaxt yaradılacaq

Yaponiya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası təbii fəlakətlər və fövqəladə hallar zamanı Tokionun əsas dövlət funksiyalarını davam etdirə biləcək ehtiyat “ikinci paytaxt”ın yaradılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Kyodo News agentliyinin məlumatına görə, qanun layihəsi hakim Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyası (JIP) tərəfindən təqdim olunub.

Layihəyə əsasən, baş nazir əhalinin sayı, iqtisadi potensial və digər meyarları nəzərə alaraq prefekturalardan daxil olan müraciətlər arasından ikinci paytaxt kimi istifadə ediləcək bölgəni seçə biləcək.

Hakim partiyalar bildirirlər ki, namizəd bölgə Tokio ilə eyni təbii fəlakət risklərinə malik olmamalıdır.

LDP və JIP qanun layihəsinin cari parlament sessiyası başa çatmadan parlamentin yuxarı palatası olan Müşavirlər Palatasında da qəbul edilərək qüvvəyə minməsini hədəfləyirlər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az